Ramal Hüseynov əvəzedici komandada
21.10.2010 - 23:05
Ramal Hüseynov əvəzedici komandada
“Neftçi”yə qarşı oynamayacağam. Çünki “Xəzər Lənkəran”la matçda mövsümdə dördüncü sarı vərəqə almışam”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yarımmüdafiəçisi Ramal Hüseynov deyib.

Şənbə günü Unibank Premyer Liqasının X turu çərçivəsində baş tutacaq oyunda futbolçu komandasına kömək edə bilməyəcək. Sarı vərəqə limitini dolduran Hüseynov bu matçı buraxmaq məcburiyyətindədir. Ancaq o bu gün meydana çıxacaq. Belə ki, oyun təcrübəsi baxımından əziyyət çəkməməsi üçün yarımmüdafiəçi əvəzedici komandaya qoşulub: “Əvəzedici komanda ilə Bakıya gəlmişəm. Həftəsonunu boş keçirməmək üçün onlara kömək edəcəyəm. Yəni sabah “Neftçi”nin əvəzedici komandasına qarşı forma geyinəcəm”.

Ancaq futbolçu keçmiş komandasına qarşı forma geyinməməsinə təəssüflənir: “Xəzər Lənkəran”dan da çox “Neftçi” ilə oyuna hazırlaşırdım. Öz sözümü deməli idim. Mövsümün əvvəlindən bu oyunla yaşayırdım. Ancaq “Xəzər Lənkəran”la oyunda heç nədən sarı vərəqə aldım və cəzalı duruma düşdüm. Görünür, qismət deyilmiş. Bu “Neftçi” ilə sonuncu oyunumuz deyil. Hələ onlarla ən azı bir dəfə də qarşılaşacağıq”.