Rail Məlikov: Xal itkisini faciəyə çevirmək lazım deyil
21.10.2010 - 17:28
Rail Məlikov: Xal itkisini faciəyə çevirmək lazım deyil
“Təəssüf ki, zədə üzündən “Turan”la oyunda iştirak edə bilmədim. Düzdür, Tovuz təmsilçisini məğlub etməli idik. Ancaq xal itkisini faciəyə çevirmək lazım deyil. Çünki Premyer Liqada bütün oyunlar çətin keçir”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi” klubunun kapitanı Rail Məlikova məxsusdur.

Avro-2012-nin seçmə mərhələsinin Azərbaycan – Türkiyə oyununda (1:0) zədələnən futbolçu “Turan”la görüşdə “ağ-qaralara” kömək edə bilməyib. Hazırda isə müalicə olunan müdafiəçi “Gəncə” ilə oyundan öncə görüş barədə fikirlərini klubun rəsmi saytına bildirib: “Bütün diqqətlər “Gəncə” ilə qarşılaşmaya yönəlməlidir. Gəncə klubu son 3 oyunda qalib gəlməklə, rəqib qapılarından 10 top keçirib. Üstəlik, rəqibimiz “İnter” və “Xəzər-Lənkəran” kimi komandaları məğlub edib. Bir sözlə, “Gəncə” güclü komandadır. Digər komandalar kimi, “Gəncə” də “Neftçi”yə qarşı xüsusi əzmkarlıqla çıxacaq. Azarkeşləri maraqlı oyun gözləyir. Arzu edirəm, “Neftçi” – “Gəncə” oyunu qardaşların görüşü kimi keçsin”.