“Beşiktaş” Kamran Ağayevlə bağlı rəsmi mövqeyini açıqladı - EKSKLÜZİV
26.10.2010 - 17:00
“Beşiktaş” Kamran Ağayevlə bağlı rəsmi mövqeyini açıqladı - EKSKLÜZİV
“Biz Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevlə maraqlanmırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Beşiktaş” klubunun mətbuat xidmətinin əməkdaşı Kürşad Kaplan deyib.

Millimizin və “Xəzər Lənkəran”ın əsas qapıçısı olan Kamran Ağayevin adı son günlər “Beşiktaş” klubunun ətrafında hallanır. Hətta deyilənə görə, “Xəzər Lənkəran”la “Beşiktaş” arasında qapıçıların dəyişdirilməsi variantı var. Yəni “Beşiktaş”da heyətə düşməyən 37 yaşlı qapıçı Rüştü Rəcbər Lənkəran, Kamran isə İstanbul təmsilçisinə keçəcək.

Xeyli müddətdir xaricdə oynamaq istəyən Ağayevi Türkiyə yığmasına Bakıda 1:0 hesabı ilə qalib gəldiyimiz rəsmi oyunun qəhrəmanlarından saymaq olar. Hər halda, 24 yaşlı qapıçı göstərdiyi inamlı oyunla qələbədə əsas pay sahiblərindən idi. Təbii ki, belə çıxışdan sonra Ağayevin türkiyəlilərin diqqət mərkəzinə düşməsi mümkündür. Üstəlik, əsas qapıçısı Hakan Arıkan olan “Beşiktaş” güclü “çərçivə sahibi”nə ehtiyac duyur.

Amma Kaplan xəbəri təsdiqləmədi: “Mən Futbol Komitəsinin məlumatını diqqətinizə çatdırıram. Klubumuzda transfer işləri ilə bu qurum məşğul olur. Deyə bilərəm ki, Kamranın transferi gündəmdə deyil. Biz onunla danışıqlar aparmırıq. Əgər gələcəkdə transfer etsək, bu haqda rəsmi saytımızda məlumat yerləşdirəcəyik. İndi isə heç bir şey yoxdur. “Xəzər Lənkəran”ın sahibi olan Mübariz Mənsimovun “Beşiktaş”la əlaqələri haqda bilgimiz var. Ancaq nə Kamranın keçidi, nə də Rüştünün onunla dəyişdirilməsi ilə bağlı danışıqlar gedir”.

Mehman SÜLEYMANOV