Ruslar “Neftçi”ni SSRİ çempionatında görmək istəyirlər
27.10.2010 - 11:17
Ruslar “Neftçi”ni SSRİ çempionatında görmək istəyirlər
Rusiyalılar SSRİ çempionatının bərpa olunmasını istəyirlər. Apasport.az saytının məlumatına görə, “Sovetskiy Sport” qəzetinin bugünkü sayında gedən müzakirələrin iştirakçıları Bakının “Neftçi” klubunu unutmayıblar. Futbolumuzun flaqmanını yada salan ruslar onun iştirak etdiyi çempionatı izləmək istəyirlər.

Müzakirələrdə qəzetin futbol şöbəsinin müdiri Sergey Yeqorov, idman agenti Vladimir Abramov və şərhçilər, tanınmış mütəxəssis Yevgeni Lovçevlə Vitali Slavin iştirak edib. Rusları əsas narahat edən problem çempionatlarına az azarkeşin gəlməyidir. Slavin vəziyyətdən çıxış yolunu göstərib: “Təklif edirəm ki, SSRİ çempionatı bərpa olunsun. Orada əla stadionları və böyük pulları olan komandalar oynasın. Turnirdə təkcə keçmiş SSRİ-nin komandaları yox, misal üçün Polşa və Finlandiyanın klubları da oynaya bilər. Vladimir Abramovun fikri ilə tam razıyam: pulun yoxdursa, Premyer Liqada vurnuxma!”

Slavin “Neftçi” ilə bağlı məsələyə ciddi yanaşıb: “2010-cu ildə dünya çempionatının seçmə mərhələsində “Lujniki” stadionunda keçirilən Rusiya – Azərbaycan oyununu yada salın. 60 min azarkeş gəlmişdi. Axı “Neftçi” legionerlərinin hesabına öz ölkəsinin yığmasından daha güclü və koloritli olacaq. Onların səviyyəsini isə qiymətləndirməməyə dəyməz”.

Qeyd edək ki, 1992-ci ildə milli çempionatımız yaradılana kimi SSRİ çempionatında çıxış edən “Neftçi”nin ən böyük uğuru 1966-cı ildə qazandığı bürünc medal olub. SSRİ dağılandan sonra postsovet məkanının təmsilçilərinin iştirakı ilə 18 ildir “Birlik kuboku” keçirilsə də, onun səviyyəsi getdikcə daha da aşağı düşür, maraq azalır. Ruslar ildə yalnız bir dəfə, qışda manejdə keçirilən belə yox, mövsümü yarış istəyirlər.