Kristian Torres: Rəqibin böyük hesabla yenilməsi işimizi çətinləşdirir
27.10.2010 - 11:39
Kristian Torres: Rəqibin böyük hesabla yenilməsi işimizi çətinləşdirir
“Çətin qarşılaşma olacaq. “Gəncə” də “altılıq” uğrunda mübarizə aparır və bu yolda əsas rəqiblərimizdəndir. Doğma meydanda yaxşı oynadıqlarını bilirik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun yarımmüdafiəçisi Kristian Torres deyib.

Həftəsonu Unibank Premyer Liqasının XI turu çərçivəsində “Gəncə”nin qonağı olacaq “Qəbələ” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. Oyuna doğma meydanda hazırlaşan Qəbələ təmsilçisi səfərə bir gün əvvəl yollanacaq.

Hesabat turunda AZAL-la xalları yarı bölən Toni Adamsın yetirmələri bu dəfə 3 xal qazanmaq haqda düşünür. Rəqibin X turda “Neftçi”yə böyük hesabla yenilməsinin heç də yaxşı hal olmadığını qeyd edən Torres işlərinin çətin olacağını düşünür: “Gəncə”nin “Neftçi”yə böyük hesabla məğlub olması işimizi daha da çətinləşdirib. Onlar azarkeşləri qarşısında oynayacaqlar. Təbii ki, doğma meydanda bu məğlubiyyətin əvəzini çıxmağa və azarkeşlərinin könlünü almağa çalışacaqlar. Rəqibimizin güclü olduğunu başa düşürük”.

Mövsümə heç də yaxşı start verməyən “Qəbələ” artıq uğurlu nəticələri ilə seçilir. Ancaq argentinalı futbolçunun fikrincə, komanda potensialını tam açmayıb: “Bu mövsüm yeni komanda quruldu. Baş məşqçi dəyişdi, heyətə yeni futbolçular cəlb edildi. Buna görə də, komandanın vaxta ehtiyacı var idi. Ancaq son 4 turda yaxşı oynayırıq. Bundan da artığını nümayiş etdirmək üçün potensialımız var”.