8 saat 16 dəqiqəlik transfer - FOTO
27.10.2010 - 12:09
8 saat 16 dəqiqəlik transfer - FOTO
“Xəzər Lənkəran” klubunun futbolçusu Dieqo Ruizin Azərbaycan karyerası başa çatıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisinin komandadan kənarlaşdırdığı argentinalı hücumçu “ağ-yaşıllar”ın heyətində vur-tut 8 oyun keçirib.

Yayda Mirça Rednikin baş məşqçi postuna gətirilməsindən sonra transfer olunan Ruiz arxada qalan 10 matçdan yalnız 2-də meydana çıxmayıb. Ümumilikdə, 496 dəqiqə, yəni 8 saat 16 dəqiqə iş başında olan Dieqo bu müddətdə 2 qol vurub və 2 dəfə sarı vərəqə alıb.

Avqustun 7-də baş tutmuş I turun “Qəbələ” ilə matçında Premyer Liqada debüt edən cənubi amerikalı ilk 4 matçda əvəzolunmadan meydanda olub. İlk sarı vərəqini elə debüt matçında alan legioner II turun “Simurq”la görüşündə qol hesabını açıb.

V turdan etibarən əvəzolunmaz statusunu itirən Dieqo həmin qarşılaşmasında yalnız son 26 dəqiqədə meydanda oldu. Növbəti matçda isə ilk 56 dəqiqəni “döyüşə atılan” Ruiz sarı vərəqə də aldı.

Ardından isə VII turun qəhrəmanı oldu. O, həmin vaxtadək məğlubedilməz olan və zirvədə qərarlaşan “Neftçi”yə vurduğu qolla bakılıların mövsümdə ilk dəfə uduzmasının memarına çevrildi. Özü də həmin görüşdə cəmi 9 dəqiqə oynamaqla. Bundan sonra start heyətə həsrət qalan legioner VIII turu buraxıb, IX turda sonradan – ikinci hissədə meydana çıxdı. “Gəncə” ilə səfərdəki matç (1:4) Ruiz üçün ölkəmizdə sonuncu oldu.