Elçin Məmmədov: Bəxtiyar Musayev mənə “mırıldama” dedi
27.10.2010 - 12:20
Elçin Məmmədov: Bəxtiyar Musayev mənə “mırıldama” dedi
“Bəxtiyar Musayev “Gəncə” ilə matçın birinci hissəsində qaydalara tam riayət etmirdi. Ona bu barədə xəbərdarlıq edəndə, mənə “mırıldama” dedi”. Bu sözləri apasport.az saytına açıqlamasında FİFA hakimi Elçin Məmmədov deyib.

Məmmədov Unibank Premyer Liqasının X turunda idarə etdiyi “Neftçi” – “Gəncə” görüşündə (6:2) meydan sahiblərinin məşqçisi Bəxtiyar Musayevi birinci hissədən sonra “texniki zona”dan kənarlaşdırıb. Oyunun ikinci hissəsini tribunalardan izləməli olan çalışdırıcı AFFA-nın İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalanıb, klubu isə 5 min manat cərimələnib. Musayev saytımıza açıqlamasında günahsız olduğunu və Apelyasiya Komitəsinə şikayət etdiyini bildirib.

Məsələyə münasibət bildirən Məmmədov isə ona deyilən sözü deməkdən çəkinmədi: “Bizim bəzi məşqçilər söyüş söymədiyini deyir. Söhbət söyüş söyməkdən getmir. 4-cü hakimin, hakimlərin qanuni tələblərinə əməl etməmək, spekulyasiyalarla publikaya, başqa komandaya, hakimlərə müdaxilə etmək – bunlar hamısı qaydalara görə aqressiv davranış kimi qiymətləndirilir. Ona görə də cəzalanırlar. Qaydalara baxsınlar ki, texniki zonada davranış necə olmalıdır. Bu, artıq onların problemidir. Mən ondan qaydalara əməl etməyi tələb etdim. O da hakimə “mırıldama” deyir. İt mırıldayar. İnsana “mırıldama” deyirlərsə, bu, nə deməkdir? İnsan it deyil ki... Ona görə də “mırıldama” sözü hakimə təhqir hesab olunur. Mən qaydaya uyğun tamamilə düz qərar vermişəm və ona görə də Musayev cəzalanıb. İntizam Komitəsinin hansı qərar verməyinə gəlincə, bu, bizim işimiz deyil”.