Mahmud Qurbanov: “Altılığ”a düşə bilməsək, “Bakı” üçün faciə olacaq
27.10.2010 - 14:10
Mahmud Qurbanov: “Altılığ”a düşə bilməsək, “Bakı” üçün faciə olacaq
“Hər oyuna qələbə qazanmaq üçün çıxırıq, amma...”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

X tur çərçivəsində paytaxt derbisində “İnter”ə məğlub olan “Bakı”nı həftəsonu növbəti çətin qarşılaşma gözləyir. Vinfred Şaferin yetirmələri bu dəfə “Neftçi” ilə qarşılaşacaq. Hazırda hər iki komandanın düşərgəsində fərqli ab-hava hökm sürür.

“Neftçi” son oyunda qazandığı qələbənin sevincini yaşamaqla yanaşı, turnir cədvəlinə də başçılıq edir. Paytaxtın eyniadlı komandası isə keçirdiyi 10 oyunun yalnız 3-də qələbə qazanıb, bir o qədər oyunda isə heç-heçə edib. Ölkə kubokunun sonuncu qalibinin məğlubiyyətlərinin sayı isə 4-ə bərabərdir. Hər matça qələbə qazanmaq üçün çıxan “Bakı” heç cür öz oyununu tap bilmir. Heyətində kifayət qədər təcrübəli və güclü futbolçuların yer alması da Şaferin uğursuzluq zolağından çıxmasına yetmir.

Ancaq Qurbanov “Neftçi” ilə oyunda fərqli olacağını düşünür: “Qələbəyə ümid edirik. İnşallah, bu oyunda hər şey düzələcək. Arxaya yolumuz yoxdur”.

I dövrənin son turu ərəfəsində 8-ci pillədə qərarlaşan “Bakı” turdan tura “altılıq”dan uzaqlaşır. Ölkənin ən titullu futbolçusu olan Mahmud “altılığ”a düşəcəklərinə inandığını deyib: “Xal itirməyin yeri yoxdur. “Altılıq”dan geri qalmışıq. Fikrimcə, “altılığ”a düşməsək, bu, klub üçün faciə olacaq”.