Millimiz Çernoqoriyanın neçənci heyəti ilə oynayacaq? – ARAŞDIRMA
02.11.2010 - 14:18
Millimiz Çernoqoriyanın neçənci heyəti ilə oynayacaq? – ARAŞDIRMA
Azərbaycan millisi noyabrın 17-də Çernoqoriya ilə yoldaşlıq oyunu keçirəcək. Avro-2012-nin seçmə mərhələsində Bolqarıstan, İsveçrə, Uelsi eyni – 1:0 hesabı ilə məğlub edib, səfərdə İngiltərə ilə qolsuz heç-heçə edən rəqibimizin bizimlə matçda neçənci heyətlə çıxacağı neçə vaxtdır müzakirə mövzusu idi. Çoxları çernoqoriyalıların ikinci heyət üzvlərini bu görüşə çağıracağını iddia edirdi.

Artıq rəqibin heyəti açıqlanandan sonra apasport.az saytının araşdırmalarına görə, Çernoqoriyanın Azərbaycanla oyunda hansı futbolçularla meydana çıxacağı məlum olub. Rəqibimizin Avro-2012-də keçirdiyi 4 matçda güvəndiyi oyunçularla indiki “22-lik”də yer alanların müqayisəsi müəyyən qənaətə gəlməyə imkan verir.

Qapı. Seçmə mərhələdə qol buraxmayan iki komandadan biri olan Çernoqoriya buna görə təbii ki, qapıçısına borcludur. Ardıcıl 4 qarşılaşmadır ki, öz qapısının toxunulmazlığını əvəz olunmadan qoruyan Mladen Bojoviç elə bizimlə matça da çağırılıb.

Müdafiə. Baş məşqçi Krançar Avro-2012-nin seçmə mərhələsindəki güvəndiyi 7 müdafiəçinin hamısını yığmamızla görüşə dəvət edib. O, uğurlu start üçün müdafiə xəttinin etibarlılığından da razı qalmalıdır. Hər halda, qapıçının qol buraxmamağında müdafiəçilərin də rolu danılmazdır. Marko Başa, Milan Yovanoviç, Elsad Zverotiç və Miodraq Cudoviç 4 matçın hamısında oynamaqla, yığmanın uğuruna böyük töhfə veriblər. Elə onları dördü də millimizlə oynamaq imkanı əldə edib. Seçmə mərhələdə 2 matç keçirən Stefan Saviç və Savo Paviçeviç də kənarda qalmayıblar.

Yarımmüdafiə. Bəzən müdafiəçi, bəzən yarımmüdafiəçi kimi göstərilən Zverotiçi arxa xəttə aid etsək, Krançar seçmə mərhələdə 6 orta sahə futbolçusuna bel bağlayıb. Onlardan üçü bütün matçlarda iştirak edib. Simon Vukçevim və Mitar Novakoviç yığmamızla matça çağırılıbsa, Branko Boşkoviç kənarda qalıb. Digər 3 oyunçu da Podqoritsadakı matça dəvətlilər sırasındadır.

Hücum. Çernoqoriya yığması hücumda da dəyişikliyə ehtiyac duymayıb. Seçmə mərhələdə oynamaq şansı qazanan 4 ön xətt oyunçusunun hamısı millimizə qol vurmaq üçün hazırdır. Bütün oyunların iştirakçısı olmuş Radomir Daloviç də, 1 oyun az meydana çıxanlar Mirko Vuçiniçlə Fatoş Beçiray da yenə Krançarın sərəncamndadır.

Beləliklə məlum olur ki, çernoqoriyalılar 4 görüşdə cəmi 18 futbolçunun xidmətindən yararlanıblar. Onlardan da 17-si Azərbaycanla matçın “22-liy”ində yer alıb. Yeganə fərq isə sabiq “Srvena Zvezda”lı Boşkoviçin yoxluğudur.

Vüqar XEYRULLAYEV