Rail Məlikov: Biz Çernoqoriya yığmasından güclüyük
02.11.2010 - 15:28
Rail Məlikov: Biz Çernoqoriya yığmasından güclüyük
“Artıq 2 gündür məşqlərə başlamışam. Fərdi şəkildə qaçmaqla kifayətlənirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun kapitanı Rail Məlikov deyib.

Yığmamızın da üzvü olan təcrübəli müdafiəçinin Çernoqoriya millisi ilə noyabrın 17-də səfərdə keçiriləcək yoldaşlıq görüşündə iştirak etməyəcəyi hələ dəqiqləşməyib. Ancaq baş məşqçi Berti Foqts Türkiyə yığması ilə ötən ay rəsmi oyunda ağır zədələnən Raili noyabrın 8-dən 11-dək Bakıda keçirəcəyi təlim-məşq toplanışına dəvət edib. Ancaq Məlikov hazırlıq prosesində iştirak etməyəcək: “Adımın ehtiyat oyunçular siyahısında olduğunu bilirdim. Toplanış zamanı millinin düşərgəsində olacağam. Amma həkim nəzarətində müalicəmi davam etdirəcəyəm. Sağalmağım təxminən 1 ay çəkəcək”.

Çernoqoriya ilə oyunla bağlı da fikrini də bildirən Rail yığmamızın qələbə qazanacağına inanır: “Ancaq qələbə gözləyirəm. Onların oyununa baxmışam. Biz onlardan daha güclüyük”.