“Xəzər Lənkəran” milli komandada istisnaya imkan vermədi
02.11.2010 - 16:01
“Xəzər Lənkəran” milli komandada istisnaya imkan vermədi
“Xəzər Lənkəran”ın transferə çıxardığı estoniyalı futbolçu Tixon Şişov vətənində məşq etməklə kifayətlənir. Apasport.az saytının məlumatına görə, ötən mövsüm bitəndən sonra cənub təmsilçisindən kənarlaşdırılan sağ cinah müdafiəçi “Levadiya”nın düşərgəsində yer alıb.

Tixon formasını itirməmək üçün uzun illər şərəfini qoruduğu Tallin komandasının hazırlığında iştirak edir. O, ötən qış transfer olunduğu “Xəzər Lənkəran”ın müqaviləsinin müddətini bitməsini gözləyir. Şişovun karyerasının bütün uğurları məhz “Levadiya” ilə bağlıdır. Belə ki, müdafiəçi 2000-08-ci illərdə oynadığı bu komandanın heyətində (198 oyun, 2 qol) 6 dəfə ölkə çempionluğu, 5 ölkə kubokunu qazanıb.

Şişov oyun praktikası sarıdan korluq çəksə də, ölkəmizdən gedəndən sonra da daim yığmaya çağırılır. Noyabrın 17-də Lixtenşteynlə yoldaşlıq görüşünə açıqlanan 20 nəfərlik siyahıya düşən müdafiəçi maraqlı məqamı ortaya qoyub. Məsələ ondadır ki, Estoniya yığmasının hazırkı heyətindəki bütün futbolçular xarici klubları təmsil edir. Yeganə istisna Tixonla bağlı ola bilərdi ki, bu, onun “Levadiya”nın heyətində yer alması ilə bağlıdır. Ancaq onun müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olması istisnaya imkan verməyib.

Qeyd edək ki, Tixon 2004-cü ildən çağırıldığı yığmada 24 oyun keçirib.