“Son 2 oyunda meydana çıxmağım bunun nəticəsidir”
04.11.2010 - 00:03
“Son 2 oyunda meydana çıxmağım bunun nəticəsidir”
“Məşqlərdə özümü göstərməyə çalışıram ki, baş məşqçi mənə əsas heyətdə yer versin. Son 2 oyunda ilk dəqiqələrdən meydana çıxmağım bunun nəticəsidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Avro-2012-nin seçmə qrup mərhələsinin oyunlarına uğursuz start verən millimiz Almaniya və Avstriya məğlubiyyətindən sonra qrupun favoritlərindən hesab edilən Türkiyədən 3 xal aldı. İlk ev oyununda qələbə əldə etməklə azarkeşlərin rəğbətini qazanan yığmamız bununla da uğursuzluğa son qoydu. Təbii ki, bu qələbə futbolçularda özünəinamı artırıb: “Komandada əhval-ruhiyyə yaxşıdır. Növbəti oyunlarda da qələbə qazanacağımıza inanırıq”.

Noyabrın 17-də Çernoqoriya ilə keçiriləcək oyun haqda da fikirlərini açıqlayan Əmirquliyev rəqibin güclü olduğunu, ancaq Podqoritsaya məğlub olmaq üçün yollanmayacaqlarını deyib: “Çernoqoriya çox yaxşı komandadır. Seçmə oyunlarda məğlub olmayıblar. İngiltərə kimi komanda ilə heç-heç ediblər. Hazırda turnir cədvəlinə başçılıq edirlər. Səfərdə oynamağımıza baxmayaraq, çalışacağıq ki, qələbə qazanaq”.

Tahir MƏMMƏDOV