“Mənə reklam lazım deyil, qardaş”
04.11.2010 - 00:05
“Mənə reklam lazım deyil, qardaş”
“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- “Xəzər Lənkəran”dan ayrılandan sonra artıq 4 aydır işsizsiniz. Hələ də təklif yoxdur?
- Xeyr, sakitçilikdir.

- Qış fasiləsini gözləyirsiniz?
- Mən heç nə gözləmirəm (gülür).

- Hansısa komandamızda baş məşqçi dəyişikliyi gündəmə gələndə, daha çox sizin adınız hallanır. AZAL-a 0:5 hesablı məğlubiyyətdən sonra “İnter”ə keçəcəyiniz deyilirdi...
- Nə deyim, vallah. Bilirsiniz, bu jurnalistlərin fərziyyələri, baxışlarıdır. Bütün dünyada belədir.

- Hər halda, yada düşməsi Mircavadovun üçün yaxşı, yoxsa pis haldır? Bu, reklamdır, yoxsa necə?
- Mənə reklam lazım deyil, qardaş. 20 il bundan qabaq reklam olunmuşam. İndi mənə nə reklam? Yenə sağ olsunlar ki, məni sayırlar.

- Təbii ki, işləmək üçün ilk növbədə real təklif olmalıdır...
- Əlbəttə. Əvvəlcə təklif almalısan, sonra razılığını verib, işə başlamalısan. Yoxsa boş-boşuna hansısa kluba gedib demək ki, mənə iş verin – bu, mənim xarakterimdə deyil, prinsiplərimə ziddir.

- Ancaq təbii ki, könlünüzdən hansısa iddialı klubu çalışdırmaq keçir...
- İnanın mənə, indi könlümdən heç nə keçmir. Səmimi deyirəm. Ancaq işləmək gərəkdir və bunu istəyərəm. Ancaq bu klub işgüzar olmalı, gələcəyi düşünməlidir. Mən hər şeyi maddi meyarlarla ölçməmişəm. Əsas məsələ futbola baxışların üst-üstə düşməyidir. Kluba rəhbərlik edən şəxsin futbola sevgisi, köməyi və inkişafı təmin etməsi – budur vacib amillər.

- Bir sıra oyunları izləmisiniz. Başa çatan ilk dövrəni necə dəyərləndirərdiniz?
- Onu deyə bilərəm ki, oyunlarda gərginlik çox azdır. 3 komanda – “Bakı”, “Qəbələ” və “Simurq”un çıxışında ötən mövsümlə müqayisədə fərq həddən artıq böyükdür. 7-8 komanda çempionluğa oynayır və bu yaxşı haldır. Sevindirici haldır ki, “Gəncə” çempionata qayıdıb və yaxşı təsir bağışlayır. Həmişə bu şəhərin komandasını xoşlamışam. Çünki Gəncədə həmişə futbol və oyunçular olub. İnanıram ki, “Gəncə” “altılığ”a düşəcək. Ola bilər ki, bu klub çempionatda gərginliyi bir az artırsın. “Neftçi”, “Xəzər Lənkəran” və “İnter” yenə çempionluğa iddialıdır. Deyərdim ki, bu mövsüm AZAL çox xoş təsir bağışlayır. “Qarabağ” son vaxtlar istədiyi kimi oynamır. Ola bilsin nəsə problemləri var. Ancaq “Qarabağ”a, onun məşqçilərinə, futbolçularına həddən artıq inanıram.

- “Bakı”nın son oyunlarını izləmisiniz. Sizcə, bu komandanın uğursuz çıxışının səbəbi nədir?
- Son turda “Neftçi” ilə oyunlarının bir hissəsini televiziyadan izlədim. Fikrimcə, ilk hissədə bərabər oyun keçdi. Ancaq ikinci hissədə “Bakı” iki top buraxaraq, uduzdu. İndiki “Bakı” ilə keçən mövsümkü, hətta Bülənt Korkmazın vaxtındakı komanda arasında böyük fərq var. İndi əsas heyətdə legionerlərin sayı artıb, yerli futbolçuların sayı azalıb. Həmin legionerlərin adları var, ancaq özləri... Düzdür, onların oyunlarına çox az baxmışam. Baxdığım görüşlərdə oyunlarını görməmişəm.

- Yəni hesab edirsiniz ki, ötən mövsümkü “Bakı” daha güclü idi?
- Əlbəttə. Ötən mövsüm komanda yaxşı oynayırdı. Ola bilər ki, onlarda nəsə alınmırdı. Ancaq inamlı təsir bağışlayırdılar. Bir misal çəkim, “Bakı”da bir yerli uşaq var idi, Soltanov.

- Bəxtiyar Soltanov...
- Bəli, onun oyununa baxanda, haqqında çox yaxşı fikirdə idim. Düşünürdüm ki, tez bir zamanda yığmada da yerini möhkəmlədəcək və çox yaxşı futbol oynayacaq. Yaxşı futbolçularımızın sayının çox olması bizə vacib lazımdır. Onlar xaricə getsinlər, məqsəd budur. Ancaq Bəxtiyar bu gün görünmür. Bunu açıq deyə bilərəm ki, Cəmşid Məhərrəmov öz səviyyəsində oynayır. Ancaq niyə görə digər müdafiəçilər Saşa Yunisoğlu ilə Elvin Əliyevi çıxartdılar? Düzdür, bu, klubun daxili işidir və mən bunu bilmirəm. Saşa “Qəbələ”də yaxşı oynayır və bu klubdan yığmaya düşdü, orada da əsas heyətdə çıxış edir. Elvin isə AZAL-da çox gözəl oynayır.

- Qeyd etdiyiniz “Qəbələ” mövsümə uğursuz başlasa da, sonradan özünə gəldi və ilk dövrəni “altılıq”da bitirdi. Ancaq bu komandanın oyunundan narazısınız...
- Bilirsiniz, “Qəbələ”nin göstərdiyi futbol mənim aləmimdə başqadır. Azərbaycan futbolu eyni olmamalı, klublar eyni oyun göstərməməlidir. Eyni olsalar, onda bizdə artım olmaz. Hər klubun, məşqçinin öz üslubu var. Ancaq yenə orada Azərbaycan futboluna xas olan xüsusiyyətlər olmalıdır. Bu, texnika, taktika ilə bağlıdır. Yoxsa vur qabağa, gücün, işgüzarlığın hesabına mübarizə apar – bu, düzgün deyil. Güc qurtarandan sonra necə olacaq?

- Çempionluğa əsas namizəd kimi ilk iki pillədə olan “Neftçi” ilə “Xəzər Lənkəran”ı sayırsınız?
- Yox. Heç kim deyə bilməz ki, “Neftçi” və ya “Xəzər Lənkəran” indidən çempiondur. Bəli, onlar çempionluğa oynayırlar. Ancaq mən burada “İnter”, “Qarabağ”, AZAL-ı da qeyd edə bilərəm. “Altılığ”a hələ çox var. Hələ ikinci dövrə başlamayıb. Noyabr və dekabrdakı oyunlar çox məsələlərə aydınlıq gətirəcək. Təqvimi, həmin müddətdə iddialıların biri-biri ilə görüşdüyünü bilmirəm. Ancaq hər halda, bu iki ayda onlar bir-biri ilə tez-tez görüşəcəklər. Onda çox şey bilinəcək. Bu müddətdə havalar soyuyacaq, yağışlar olacaq. Meydançalarımız da yox dərəcəsindədir. Bax bu zaman işgüzar, güc oyunu olacaq. Bayaq dedim ki, bizə futbol, baxımlı oyun lazımdır. Ancaq qış aylarında meydançaların olmamağı bizi bu vəziyyətə, yəni başqa oyun oynamaq həddinə çatdırır. Bu da bizim üçün mənfi cəhətdir, inkişafımıza ziyandır.

- Mövsümün əvvəlində müsahibələrinizin birində “Xəzər Lənkəran”ın oyunlarını izləmədiyinizi bildirmişdiniz. Ancaq indi görmüsünüz və müqayisə apara bilərsiniz. Keçmiş komandanızın oyunu sizə hansı təəssürat oyadır?
- Son turda “Qarabağ”la oyunlarına bir az baxdım. Bir oyunla qiymət vermək olmaz. Təbii ki, qələbə çaldılar, onları təbrik edirəm. Ancaq hər şey axırda bilinəcək. Onda görəcəyik ki, bu baş məşqçi həmin futbolçulardan nə istəyir. Öz taktikasını, futbola baxışını komandaya, futbolçulara aşılaya bilibmi? Bütün bunlara mövsümün sonunda aydınlıq gələndən sonra qiymət vermək olar.

Mehman SÜLEYMANOV