İlqar Qurbanov: Belə getsə, qışda klubu tərk edəcəyəm - MÜSAHİBƏ
04.11.2010 - 00:09
İlqar Qurbanov: Belə getsə, qışda klubu tərk edəcəyəm - MÜSAHİBƏ
Mövsümün əvvəlində AZAL-la yollarını ayıraraq “Mersin İdman Yurdu”na transfer olunan İlqar Qurbanov Türkiyədəki karyerasından razıdır. İlk vaxtlar əsas heyətdə çıxış edən həmyerlimiz son oyunlarda ehtiyatda qalır. Yeni baş məşqçi Nurullah Sağlam da futbolçumuza az şans verir. Cari mövsümdə Türkiyə birinci dəstəsində cəmi 3 dəfə meydanı məğlub tərk edən Mersin təmsilçisi qələbə qazanmaqda çətinlik çəkir. Mövsümün əvvəlindən bir çox uğursuzluq “Mersin İdman Yurdu” komandasından əl çəkmir. Təbii ki, bu da komandanın oyununa öz mənfi təsirini göstərir. Həmyerlimiz İlqar Qurbanov Türkiyədəki çıxışından razı olmasa da, klubdakı şəraitdən razılığını bildirdi. Suallarımızı cavablandıran 24 yaşlı hücumçu əsas heyətdə oynamamasına aydınlıq gətirərək, belə davam edəcəyi təqdirdə klubla yollarını ayıra biləcəyini dedi.

- Əvvəlcə istərdik Türkiyədəki karyeranla bağlı məlumat verəsən. İlk oyunlarda əsas heyətdə çıxış etsən də, sonradan ehtiyatda qaldın. Bunun səbəbi nədir?
- Allaha şükür, heç bir narazılığım yoxdur. Hər şey mən istəyən kimi gedir. Buradakı şərait məni tam qane edir. Geniş heyətimiz olduğundan yeni baş məşqçimiz bütün futbolçuları nəzərdən keçirmək istəyir. Bir sözlə, Türkiyədəki həyatımdan və karyeramdan razıyam.

- Amma ehtiyatda qalmağınla bağlı suala cavab vermədin...
- Düzdür, son oyunlarda əsas heyətdə meydana çıxmıram. Bunu da qısa zamanda həll edəcəyəm. Açığı, ehtiyatda qalmağımın səbəbini özüm də bilmirəm. Təbii ki, hər bir futbolçu kimi mən də əsas heyətdə yerimi almaq istəyirəm. Türkiyəyə ehtiyatda oturmağa gəlməmişəm.

- Yüksəl Yeşilova komandadan uzaqlaşdırıldıqdan sonra baş məşqçi postuna Nurullah Sağlam gətirildi. Yeni çalışdırıcı ilə münasibətin necədir?
- Çox yaxşı. Tez-tez mənimlə fərdi söhbət edir.

- Sirr deyilsə, söhbətin əsas mövzusu nə olur?
- Təbii ki, futboldan danışırıq. Sonra komandaya oynatmaq istədiyi futboldan və uşaqların hazırkı vəziyyətlərindən söhbət edir. Məndən komanda yoldaşlarımla aramın necə olduğunu soruşur və sair. Mən də əvvəlcə necə idisə, indi də elə olduğunu deyirəm.

- Necə düşünürsən, yeni baş məşqçinin gəlişindən sonra komandada çoxmu dəyişiklik olub?
- Yeni təyin olunub. Dəyişiklikdən danışmaq tezdir. Müəyyən qədər vaxta ehtiyacı var. Hələlik heç bir dəyişiklik olmayıb. Amma düşünürəm ki, çox dəyişiklik olacaq. Çünki gedişat onu göstərir.

- Bəs nəyə görə səni ehtiyatda saxlayır? Bununla bağlı, baş məşqçinə bir söz demisən?
- Bəli, deyir hamıya şans verəcəyəm. Kim özünü doğrultsa, onlarla da yola davam edəcəyəm. Mən də hər bir futbolçu kimi öz şansımı gözləyirəm.

- Bəlkə formada deyilsən?
- Əksinə, indi əla formadayam. Əgər hazır olmasaydım, bu barədə baş məşqçiyə ağız açmazdım.

- Etiraf edək ki, sənin oynadığın mövqedə çox futbolçu var. Təbii olaraq sənin də forma geyinmək şansın azdır...
- Düzdür, tərslikdən mən oynadığım mövqedə çox futbolçu var. Hansı mövqedə oynayacağımı mən də bilmirəm.

- Belə davam etsə, qış transfer dövründə klubu tərk etmək kimi bir planın varmı?
- Ola bilər. Nəyə görə də olmasın? Bu barədə menecerlərimlə söhbət etmişəm. Xarici klublarla danışıqlar aparırlar.

- Menecerlərin kimlərdir?
- Tekin Birinci və Tanju Çolak.

- Maraqlıdır, hansı ölkələrdən təkliflər var?
- Onları dəqiq bilmirəm. Ancaq Birləşmiş Ərəb Əmirliklərindən 2 klubla danışıqlar apardığını bilirəm.

- Belə başa düşdüm ki, Türkiyədə işlərinin qaydasında getməsinə baxmayaraq, komandanı tərk etmək niyyətindəsən...
- Əgər belə davam etsə, yəni ehtiyatda qalaramsa klubla yollarımı ayıracağam. Çünki Bank Asya liqasında çıxış edən digər komandalardan da təklif var.

- İddialı klublardır, yoxsa...?
- Bəli, iddialı klublardır. Ancaq “Mersin İdman Yurdu” komandası ilə müqaviləm var. Əgər ehtiyatda qalaramsa, o zaman ayrılacağam. İndiki zamanda ayrılmaq fikrim yoxdur.

- Komandanın son oyunlarda nəticə qazana bilməməsini nə ilə əlaqələndirirsən? Misal üçün, komandan son 7 oyunda qələbə qazana bilməyib.
- Mövsümə pis başlamadıq. Ancaq nədənsə son oyunlarda qələbə qazana bilmirik. Bunun da müxtəlif səbəbləri var. Əvvəlcə, komanda yoldaşımız avtomobil qəzasına düşdü, sonra baş məşqçimizi bıçaqladılar. Ondan əlavə məşqçi dəyişikliyi oldu, bir neçə futbolçumuz cəzalandırıldı. Yəni uğursuzluğa uğradıq. Bu hadisələrdən sonra heç kim məşq etmək, oynamaq istəmirdi. Komanda yeni-yeni özünə gəlməyə başlayır. İnanıram ki, yeni baş məşqçimizlə hər şey yaxşı olacaq. Çünki Nurullah hoca özünü sübut etmiş, təcrübəli məşqçidir.

Mənbə: Futbol dünyası