Hər şey Vinfred Şaferin əleyhinə - ARAŞDIRMA
04.11.2010 - 12:55
Hər şey Vinfred Şaferin əleyhinə - ARAŞDIRMA
Unibank Premyer Liqasının XII turu çərçivəsində ilk “altılığ”a düşmək baxımından böyük əhəmiyyət kəsb edən “Gəncə” – “Bakı” matçı böyük maraq doğurur. Apasport.az saytının məlumatına görə, bu oyun güclülər sırasına yeni qayıdan meydan sahiblərindən daha çox qonaqlar üçün vacibdir. Çünki ötən mövsüm də uğursuz start götürən, lakin sonda vitse-çempionluq və ölkə kuboku qazanan paytaxt təmsilçisinin “altılıq”dan kənarda qalması faciə kimi dəyərləndiriləcək.

Bunun baş verməməsi isə bakılı futbolçuların öz əllərindədir. Artıq bu tur qazanılan qələbə onları məqsədə daha da yaxınlaşdıracaq. Lakin Vinfred Şaferin baş məşqçi postuna təyinatından sonra gözləniləndən qat-qat uzaq futbol nümayiş etdirən “zolaqlılar” üçün bu o qədər də asan olmayacaq. Çünki hazırda davam edən bütün seriyalar Şaferin əleyhinədir. Belə seriyalar isə az deyil.

1. “Bakı” uğursuzluq zolağındadır. Komanda ardıcıl 3 turdur xala həsrət qalıb. Məğlubiyyətlərin sıralandığı bu görüşlərdə paytaxt futbolçuları qol da vura bilməyiblər.

2. “Gəncə”nin baş məşqçisi Fuad İsmayılov əcnəbi həmkarları üçün məğlubedilməzdir. Hətta Mirça Rednik və Kaxaber Sxadadze kimi daha uğurlu məşqçilərə də uduzmayan İsmayılov Şaferlə ikinci duelədək, 6 belə sınaqdan üzüağ çıxıb. O, 6 matçda 2 qələbə və 4 heç-heçəyə sevinib ki, bunların biri (1:1) “Bakı” ilə görüşə təsadüf edib.

3. “Bakı” cari mövsümdə səfər sindromu yaşayır. Bütün qələbələrini (3 dəfə) öz meydanında qazanan Şaferin yetirmələri yeni məşqçisi ilə 5 səfər oyununda cəmi 2 xal əldə edib. Çernoqoriyada “Buduçnost”a qarşı keçirilən matçdakı uğuru (2:1) nəzərə almasaq, Şafer rəqib meydanlarında 3 xal nə olduğunu bilmir.

4. Gəncə şəhər stadionunda qonaqpərvərlik yoxdur. Təbii ki, sırf idman baxımından. Belə ki, cari mövsüm heç bir komanda “Gəncə”nin meydanında qalib gələ bilməyib. “Bakı” isə hətta “İnter” və “Xəzər Lənkəran”ın bacarmadığına imza atmalıdır. Qərblilər əvvəlki 6 oyununda 2 dəfə qalib gələrək, 4 dəfə sülhlə kifayətləniblər.