“Azərbaycan futbolunda böyük potensial var”
04.11.2010 - 15:40
“Azərbaycan futbolunda böyük potensial var”
“Azərbaycanda olmağımdan son dərəcə şadam. Burada mənə göstərilən qonaqpərvərliyə görə Sadıq Sadıqov başda olmaqla, “Neftçi” rəhbərliyinə minnətdaram. Səfərimdə əsas məqsəd 2 klub arasında münasibətlərin, təşkilati işlərin qurulması, işbirliyinin genişləndirilməsidir”. Apasport.az saytının məlumatına görə, bunu türkiyənin “Qalatasaray” klubunun idman direktoru Adnan Sezgin bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Əməkdaşlıqda təkcə əsas yox, aşağı yaş qruplarından ibarət komandaların da yer almasını vacib hesab edən Sezgin gələcək işbirliyi ilə bağlı nikbindir: “Bu gün azərbaycanlı futbolçu transfer etmək planımız yoxdur. Ancaq indidən başladığımız işlər gələcəyə hesablanan addımdır. Azərbaycan futbolunda böyük potensial var. Ancaq futbolçularınızda bəzi çatışmazlıqlar var ki, bunları yoluna qoymaq lazımdır. Belə məsələlər tez bir zamanda həll olunmur, vaxt lazımdır “Neftçi” rəhbərliyi futbolu sevən insanlardır. Əməkdaşlıqla bağlı təklifi onlardan aldıq və bunu dəyərləndirdik”.

Təbii ki, ölkəmizdə “Qalatasaray”a maraq böyükdür və bu, mətbuat konfransında da göründü. Sezgin klubuna olan belə marağı və çoxlu suallarla üzləşəcəyini gözləmirmiş. İdman direktoru Frank Raykaardın çıxarılmasından sonra baş məşqçi postuna əsas namizəd Fatih Terimin onunla münasibətlərində problem olması ilə bağlı deyilənlərin doğru olmadığını bildirdi: “İnanmıram ki, Terim haqqımda belə şeylər desin. Ona təklifi öncə mən etmişəm. Belə olan halda, necə problemimiz ola bilər ki?”.

Sezgin hazırkı baş məşqçiləri Georgi Hacının çempionluq qazanmayacağı halda, taleyinin necə olacağına konkret cavab verməyib: “Bununla bağlı indidən qəti bir söz demək olmaz. Hacı ilə 1 illik müqaviləmiz var. Onun deyə bilərəm ki, “Qalatasaray”ın həmişə bir hədəfi olub – çempionluq. Baş məşqçinin tez-tez dəyişdirilməsi yaxşı hal deyil. Ancaq uğursuzluq olanda, ayrılıq da qaçılmazdır. Bu, təkcə Türkiyədə yox, bütün dünya futbolunda belədir. Futbol komanda oyunudur və nəticə ilə bağlı əsas məsuliyyət baş məşqçi ilə bağlıdır”.