“Qəbələ” klubunun qapıçısı Kamran Ağayevə əlcək atdı
04.11.2010 - 16:02
“Qəbələ” klubunun qapıçısı Kamran Ağayevə əlcək atdı
Unibank Premyer Liqasının XII turu “Qəbələ”nin qapıçısı Pavel Doroşev üçün xüsusi əhəmiyyət kəsb edəcək. Apasport.az saytının məlumatına görə, ardıcıl 4 oyundur qol buraxmayan latviyalı futbolçu bu göstəricidəki rekordçu ilə üz-üzə gələcək.

Sonuncu dəfə VII turun “Qarabağ”la matçında qapısında qol görən Doroşev həmin oyunun 83-cü dəqiqəsindən sonra “quru seriya”ya başlayıb. Emin İmaməliyevin qolundan sonra isə artıq 367 dəqiqə keçib. Sentyabrın 25-dən uğurlu seriyaya başlayan legioner bu nəticə ilə mövsümün III qapıçısıdır.

Liderlərə çatmasına hələ çox qalsa da, onlara yaxınlaşmaq üçün bu dəfə də Doroşev qol buraxmamalıdır. Çünki II olan Paulius Qribauskas (“Neftçi”) 549 dəqiqəlik seriya ilə Paveldən xeyli uzaqdadır. “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev isə 720 dəqiqəlik göstərici ilə hamıdan öndədir.

Mövsümün “quru seriya”ları

1. Kamran Ağayev (“Xəzər Lənkəran”)– 720
2. Paulius Qribauskas (“Neftçi”) – 549
3. Pavel Doroşev (“Qəbələ”) – 367 (davam edir)
4. Fərhad Vəliyev (“Qarabağ”) – 357
5. Cahangir Həsənzadə (AZAL) – 318 (davam edir)