Cavid Hüseynov: Onlar məni “İnter”də saxlamaq istəyirdilər
05.11.2010 - 00:05
Cavid Hüseynov: Onlar məni “İnter”də saxlamaq istəyirdilər
“O vaxt “İnter”dən narazılıqla ayrılmamışdım. Bunu kim deyir? Əksinə, onlar məni saxlamaq istəyirdilər. Ancaq mən “Neftçi”dən gələn təklifi dəyərləndirdim və bu komandaya keçdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Cavid Hüseynov deyib.

Şənbə günü paytaxt derbisində “Neftçi” “İnter”lə qarşılaşacaq. Hazırda turnir cədvəlinə başçılıq edən “ağ-qaralar” son çempiondan 3 xal almaqla, uğurlu seriyanı davam etdirmək niyyətindədir. Əslində, komandaların hazırkı durumunu təhlil etdikdə, Arif Əsədovun yetirmələrini matçın favoriti saymaq olar. Elə Hüseynov da məqsədlərinin qələbə olduğunu açıqlayıb: “İnşallah, çempionluq yolunda itkisiz irəliləmək istəyirik. Ona görə də, ancaq qələbə haqda düşünürük. Əziyyətimizin bəhrəsini görmək istəyirik”.

Ötən il çempionluq yolunda irəliləyən “İnter” “Neftçi” ilə matçda büdrəmişdi. Onda rəqib qapısından topu Hüseynov keçirmişdi. O, bu dəfə də fərqlənmək istəyir: “Oynasam, yenə qol vurmağa çalışacağam. Bunu çox istəyirəm”.