“Neftçi” 21 ildən sonra “aslan ovu”na çıxır
05.11.2010 - 00:00
“Neftçi” 21 ildən sonra “aslan ovu”na çıxır
“Qalatasaray”la yoldaşlıq oyunu keçirəcək “Neftçi” 21 ildən sonra “aslan ovu”na çıxacaq. Apasport.az saytının məlumatına görə, gələn ilin yanvarında türkiyəlilərlə üz-üzə gələcək ən titullu komandamız sonuncu dəfə 1990-cı ildə bu rəqiblə qarşılaşmışdı. Həmin matç qanlı 20 yanvar hadisələri ərəfəsində baş tutduğundan, “Əli Sami Yen”də baş verənlər kölgədə qalmışdı.

1990-cı ilin yanvarında təlim-məşq toplanışı keçirmək üçün İstanbula yollanan flaqman ayın 17-də “Qalatasaray”la oynamışdı. Həmin dövrdə Bakıda vəziyyət sabit olmadığından, ayın 20-də isə rus qoşunlarının şəhərimizə basqın etməsi üzündən “Neftçi” də vətənə erkən döndü. Toplanışı yarımçıq dayandırmalı olan bakılıların “Cim-Bom”la matçı da erkən unuduldu. Həmin görüşdən keçən 20 ildə oyunun axarı və detalları da çoxları üçün qaranlıq qalıb. Lakin apasport.az saytı “cəhənnəm” adı qazanan məşhur “Əli Sami Yen” stadionundakı görüşü xatırlamağı lazım bildi.

Həmin mövsüm Ziqfrid Heldin rəhbərliyi altında çıxış edən “Qalatasaray”ın heyətində qapıçılar Zoran Simoviç, Hayrettin Demirbaş, müdafiəçilər İsmayıl Demiriz, Semih Yuvakuran, Cüneyt Tanman (komandanın kapitanı), Erhan Önal, Yusuf Altıntaş, Bülənt Alkılıç, Bülənt Korkmaz (“Bakı”nın sabiq baş məşqçisi olan əfsanəvi kapitan), yarımmüdafiəçilər Məhəmməd Altıntaş, Uğur Tütüneker (Anatoli Ponomaryovu “Orduspor”dan kənarlaşdıran baş məşqçi), Cevad Prekazi, Tuqay Kərimoğlu (“Qalatasaray”ın məşqçisi), Savaş Demirəl, Sərhat Güller, Metin Yıldız, hücumçular Hasan Vezir, əfsanəvi Tanju Çolak, Ərdal Kəsər, İlyas Tüfekçi, Ziya Yıldız, Metin Çekiçler, Zekir Keskin, Yücel Çolak kimi futbolçular var idi.

Heldin “Neftçi” ilə oyunda konkret kimlərə güvəndiyi bilinməsə də, əvəzedici heyətdən Savaş, İlyas və Yusufun əsas komandada sınandığı məlumdur. O vaxt SSRİ çempionatının I dəstəsində çıxış edən təmsilçimizi 3-cü liqa klubu kimi qələmə verən türkiyəlilər həmin matça ciddi maraq göstərməmişdi. Buna görə də tribunalara azsaylı azarkeş toplaşmışdı.

“Neftçi” oyunun elə ilk dəqiqələrindən kimin kim olduğunu göstərməyə başlayıb. Artıq 10-cu dəqiqədə Vidadi Rzayevin mərkəzə ötürməsindən sonra Yunis Hüseynov istanbulluların qapısına yol tapıb. Lakin 2 dəqiqə sonra meydan sahibləri bərabərliyi bərpa ediblər. İlyasın cinah ötürməsindən sonra Hakan fərqlənib. Lakin bu Hakan məşhur Hakan Şükür deyil. Çünki həmin vaxt 19 yaşı olan gələcəyin ulduzu “Sakaryaspor”da forma geyinirdi.

Fasilədən sonra Samir Ələkbərovun iti bucaq altında zərbəsi dəqiq olub. Türkiyəlilərin məğlubiyyətlə barışdığı bir vaxtda isə hakim səhnəyə çıxıb. Hətta yerli azarkeşlərin də gülüşünə səbəb olan qərar verən referi bakılıların qapısına penalti təyin edib. Bununla razılaşmayan Arzu Mirzəyev isə qırmızı vərəqə alıb. 86-cı dəqiqədəki penaltidən yararlanan Kamal matçın sülhlə bitməsinə səbəb olub - 2:2.

“Qalatasaray”ın “Neftçi”yə müqavimət göstərə bilməməyi istanbulluları heyrətləndirib. Klubun Futbol Şöbəsinin əməkdaşı Ergen Gürsoy buna bəhanə da tapıbmış: “İlyas, Semih, Bülənt Korkmaz, Bülənt Alkılıç və Savaş Dəmirəl ABŞ-a toplanışa getməyimizi əsas gətirərək, matçda oynamaq istəmirdi. Lakin rəhbərlik onların “Neftçi”yə qarşı oynamağına qərar vermişdi. Buna baxmayaraq, bu futbolçular matç zamanı stadiona gəlmədilər. Nəticədə III liqa komandasına da müqavimət göstərə bilmədik”.

Vüqar XEYRULLAYEV