Samir Ələkbərov: Onlar bizi saymırdılar
05.11.2010 - 00:07
Samir Ələkbərov: Onlar bizi saymırdılar
“1990-cı ildə “Qalatasaray”la keçirdiyimiz yoldaşlıq görüşü Türkiyədə Azərbaycan günlərinə təsadüf etmişdi. Həmin vaxt sərhədlər yenicə açılmışdı”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun sabiq futbolçusu Samir Ələkbərov deyib.

“Qalatasaray”la 1990-cı ildə Türkiyədə yoldaşlıq görüşü (2:2) keçirən flaqmanın heyətində yer alan veteran hücumçu 2-ci qolumuzun müəllifi olub. Maraqlıdır ki, “Neftçi”nin ilk qolunun müəllifi türklərin yazdığı kimi, Yunis Hüseynov göstərilsə də, Ələkbərov başqa fikirdədir: “İndiyə kimi yadımdadır, qolu Vladislav Qədirov vurmuşdu. Həmin oyun barədə material hazırlanmış qəzet indiyədək məndədir. Orada “Qalatasaray”ın futbolçuları ilə birgə şəklimiz var. Mən qolu cərimə meydanının həndəvərindən vurdum. Rəqibi aldatdım və topu uzaq küncə göndərdim. “Qalatasaray” oyunun sonunda hesabı bərabərləşdirdi. Onlar penalti zərbəsindən buna nail oldular. Halbuki penalti yox idi. Oyunu idarə edən yerli hakim həmyerlilərinin xeyrinə qərar verdi. Müdafiəçimiz Arzu Mirzəyev hakimə etiraz etdiyinə görə meydandan qovuldu. Biz həmin vaxt “Qalatasaray”dan güclü idik. Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Bilirsiniz, türklər bizi saymırdılar, futbolçu kimi qəbul etmirdilər. Elə bilirdilər ki, həqiqi futbolçular deyilik. Ancaq biz bunun əksini sübut etdik. Qələbəyə layiq olduğumuz həmin oyunda baş məşqçimiz rəhmətlik Ruslan Abdullayev idi”.

Mehman SÜLEYMANOV