Ceyhun Sultanov: Bunlar hamısı əsassız fikirlərdir
05.11.2010 - 14:12
Ceyhun Sultanov: Bunlar hamısı əsassız fikirlərdir
“Bakı”ya qarşı hansısa prinsipiallığım yoxdur. Bu adi bir çempionat oyunu olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov deyib.

Karyerasının ən yaxşı illərini “Bakı”nın heyətində keçirən 31 yaşlı futbolçu hazırda “Gəncə”nin uğurları üçün çalışır. “Zolaqlılar”la ölkə çempionu olduqdan sonra “Xəzər Lənkəran”a transfer olunan Sultanovun bu addımı paytaxt klubu tərəfindən heç də yaxşı qarşılanmamışdı. Ona görə də sabahkı matçın Ceyhun üçün prinsipial keçəcəyini düşünmək olardı: “Biz qələbə qazanıb, ilk “altılığ”a düşməliyik. Məqsədimiz budur”.

Onsuz da başa çatan I dövrədə uğursuz çıxışı ilə yadda qalan “Bakı”nın hazırkı durumunun “Gəncə”nin xeyrinə olduğunu söyləmək olar. Lakin təcrübəli oyun qurucusu buna aldanmayacaqlarını bildirib: “Bakı” həmişə “Bakı”dır. Kimsə onların zəif komanda olduqlarını deyə bilməz. Nə də biz “Bakı”nın uğursuz çıxışına görə arxayınlaşmamalıyıq”.

“Xəzər Lənkəran” üzərindəki parlaq qələbədən sonra əyalət təmsilçisi Premyer Liqa çərçivəsində keçirdiyi 2 oyunun heç birində qələbə qazana bilməyib. Əksəriyyət “Gəncə”də enişin yaşandığını düşünsə də, yarımmüdafiəçi onların yanıldığını deyib: “Xəzər Lənkəran”ı yendikdən sonra 2 çempionat oyunu keçirmişik. Səfərdə “Neftçi” ilə keçirdiyimiz oyuna pis başlamamışdıq. Ancaq qırmızı vərəqə matçın gedişinə ciddi təsir göstərdi. “Qəbələ” ilə oyuna gəldikdə, sanki qapı tilsimlənmişdi. Nə qədər qol epizodu yaratsaq da, top tora daxil olmadı. Yəni, mən hansısa enişin olması ilə bağlı səsləndirilən fikirləri əsassız sayıram”.