“Flavinyonun yoxluğu özünü göstərir”
06.11.2010 - 12:18
“Flavinyonun yoxluğu özünü göstərir”
Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Flavio Aleks Valensionun ölkəmizə transferi onun sabiq komandasına böyük zərbə vurub. Apasport.az saytının məlumatına görə, braziliyalı legionerin ilin əvvəlində çıxış etdiyi “Qremio Prudente” klubu çətin vəziyyətə düşüb. Flavinyo kimi tanınan futbolçunun komandası artıq Braziliya çempionatının A seriyasının aşkar autsayderidir. Baş tutan 33 turdan sonra 20 komanda arasında sonuncu olan klubun prezidenti Valter Sançes uğursuzluqların səbəbini açıqlayarkən “Neftçi”nin yarımmüdafiəçisinin də adını çəkib: “Bütün problemlərimiz maddi sıxıntılarla bağlıdır. Pula ehtiyacımız olduğundan Markos Assunsao, Faddey, Paulu və Flavinyo kimi aparıcı oyunçularımızı satmağa məcbur olduq. Onların yoxluğunda isə komandamız çox zəiflədi. Futbolçularımızın maaşlarını ödəmək üçün bu addımı atmağa məcbur idik”.

Qeyd edək ki, Flavinyo ilə yanaşı müdafiəçi Denis Silva da “Neftçi”yə “Qremio Prudente”dən gəlib. Lakin görünür o, sabiq komandasına Flavinyo qədər dəyərli olmayıb.