“Bu məsələyə noyabrın ortalarında aydınlıq gələcək”
06.11.2010 - 13:28
“Bu məsələyə noyabrın ortalarında aydınlıq gələcək”
Rumıniya milli komandasının futbolçusu Banel Nikolitanın “Xəzər Lənkəran”a transferi ilə bağlı məsələyə noyabrın ortalarında nöqtə qoyulacaq. Apasport.az saytının məlumatına görə, komandanın rumıniyalı baş məşqçisi Mirça Rednik vətəninə növbəti səfəri zamanı futbolçunun müqavilə ilə məxsus olduğu “Styaua” klubu ilə danışıqları yekunlaşdıracağını bildirib. O, Rumıniya mətbuatına açıqlamasında milli komandaların noyabrın 17-də keçiriləcək oyunlarla əlaqədar Unibank Premyer Liqasında yaranacaq fasilədə Buxarestə üz tutacağını deyib. Elə Banel məsələsinə də həmin vaxt aydınlıq gələcək: “Banel Nikolita ilə telefonla danışmışam. Onu yaxşı başa düşürəm. Bu yaşda o, artıq gələcəyini təmin etmək, pul qazanmaq istəyir. Bu da normal haldır. Axı onun maaşı kifayət qədər yaxşı olacaq. Təxminən 10 gündən sonra Rumıniyaya gəlib danışıqları yekunlaşdıracağıq”.