“Ən az səhv buraxan çempion olacaq”
06.11.2010 - 14:47
“Ən az səhv buraxan çempion olacaq”
Hər zaman iddialı açıqlamaları, ciddi intizamı və sərt tənqidləri ilə Türkiyə mediasının diqqətini cəlb edən "Trabzonspor"un baş məşqçisi Şenol Günəş daha bir açıqlama ilə gündəmə gəlib. Apasport.az saytının xəbərinə görə, 2002-ci ildə Türkiyə yığmasını dünya üçüncülüyünə aparan təcrübəli mütəxəssis superliqadakı vəziyyəti dəyərləndirib.

"Trabzonspor" barədə danışan çalışdırıcı həm də federasiya rəsmilərinə mətnaltı ismarıcını göndərib. Günəş çempionatda rəhbərlik, texniki heyət, futbolçular və azarkeşləri ilə birlikdə ən az səhvə yol verən komandanın qalib gələcəyini və bu komandanın özləri olmaq istədiyini bildirib: "Artıq çempionatımızda böyük-balaca komanda ayrıseçkiliyi aradan qalxıb. Bu meydana gələn tablo çempionluq uğrunda azı 6-7 komandanın mübarizə aparacağını göstərir. Fikrimcə, yarışı ən öndə tamamlamaq üçün başlıca şərt buraxılan səhvlərin minimuma endirilməsidi. Rəhbərlik, texniki heyət, futbolçular və azarkeşləri ilə birlikdə bunu bacaran komanda hakimiyyəti ələ alacaq. Həmin komanda elə özümüz olmaq istəyirik. Bunun üçün əlimizdən gələni etməyə çalışacağıq".

Türkiyə futbolunda günahkar axtarmaq kimi çox yanlış təfəkkür formalaşdığını deyən Günəş sözlərinə belə davam edib: "Davamlı olaraq günahkar axtarmaq əvəzinə, səhvlərimizi müəyyənləşdirib, onları düzəltsək, daha yaxşı olar. Ümumiyyətlə, bir ölkə olaraq dərindən düşünə bilməməyimiz ən zəif cəhətlərimizdəndi. İllərdi futbolun içində olan mütəxəssislər birlikdə yeni fikirlər formalaşdırmalı, futbolumuzun inkişafı üçün səylərini əsirgəməməlidi. Yaxşı nəticə əldə etmək üçün əziyyət çəkməyə dəyər. Lakin hər bir iş planlı şəkildə qurulmalıdı. Sadəcə, meydanda yaranan nəticələrin arxasınca gedərək ölkə futbolunu istiqamətləndirmək olmaz".