“Qalatasaray” antirekord vurdu, Elano Hacıya qarşı üsyan etdi
08.11.2010 - 15:40
“Qalatasaray” antirekord vurdu, Elano Hacıya qarşı üsyan etdi
“Qalatasaray” klubu tarixinin antirekorduna imza atıb. Apasport.az saytının məlumatına görə, tarixinin ən zəif mövsümünü keçirən “Cim Bom”un Superliqada ilk dəfə 11 turdan sonra hesabında 5 məğlubiyyət olub.

Mövsümə başlayarkən Superliqada çempionluq, Avroliqada ən azı 1/4 finala çıxmağı hədəfə alan komanda indi 16 xalla 9-cu yerdədir. İlk zərbəni avqustda Ukraynanın “Karpatı” klubundan alaraq, Avroliqanın qrup mərhələsindən kənarda qalan “Qalatasaray” ardından dalbadal 4 oyunda qələbə qazanaraq, özünə gəldi. Ancaq “Karabükspor”a məğlubiyyətdən sonra yenidən uğursuzluq zolağına düşən istanbullular evdə “Ankaragücü”yə 2:4 hesablı yenilgidən sonra hollandiyalı baş məşqçisi Frank Raykaardı qovdu. Hazırkı rumıniyalı çalışdırıcı Georgi Hacı ilə 2 oyuna 4 xal qazanan “Cim Bom”un “Trabzonspor”a məğlubiyyəti ilə ümidləri söndü.

Hazırda komanda daxilində də ab-hava pisləşib və Hacıya qarşı üsyan edən ilk futbolçu Elano Blumer olub. “Trabzonspor”la görüşün ikinci hissəsində əvəzlənən braziliyalı yarımmüdafiəçi ehtiyat oyunçular skamyasına yox, birbaşa paltardəyişmə otağına yollanıb. Baş məşqçinin qərarından canı sıxılan Elano onu stadionunda “Yuventus”un nümayəndələri izlədiyindən, bərk dilxor olub. Ancaq Hacı qış fasiləsində klubdan ayrılmaq niyyətində olan Elanonun bu hərəkətində pis niyyət tapmayıb: “Hava soyuqdur. Elano bu üzdən paltardəyişmə otağına getdi. Bu, onun seçimidir”.