Devran Ayhan “Neftçi” ilə görüşdə meydana niyə çıxmayıb?
01.12.2010 - 12:02
Devran Ayhan “Neftçi” ilə görüşdə meydana niyə çıxmayıb?
“Komandada hansısa problemim yoxdur. Düzdür, son oyunlarda daim əsas heyətdə meydana çıxırdım. Sadəcə, ötən tur “Neftçi” ilə görüşdə baş məşqçi məni ehtiyatda saxladı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun futbolçusu Devran Ayhan deyib.

Ağdam təmsilçisinin “transfer pəncərəsi”nin bağlanması ərəfəsində “Xəzər Lənkəran”dan aldığı türkiyəli yarımmüdafiəçi ilk turlarda ehtiyatda qalsa, yığmamızın üzvü Samir Abasovun zədələnməsindən sonra mütəmadi oynayırdı. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AZAL-a 0:2 hesabı ilə yenildikləri görüşün sonuna yaxın əvəzlədiyi Devranı “Neftçi” ilə matçda şans vermədi: “Həmin oyunda meydana çıxmasam da, adım 18 nəfərlik iştirak ərizəsində idi. Sadəcə, baş məşqçi “Neftçi” ilə görüşdə iştirakımı uyğun görmədi. Bunda problem görmürəm. Hər futbolçu ehtiyatda qala bilər və bu, normal haldır. Heyəti baş məşqçi müəyyənləşdirir və onun qərarına hörmətlə yanaşıram. İnşallah, növbəti oyunlarda meydana çıxaram”.

Ardıcıl 3 turdur uğursuzluq zolağından çıxa bilməyən “Qarabağ” məğlubiyyətləri sıralayır. Nəticədə komanda 7-ci pilləyə düşüb: “Oyun baxımından problemimiz yoxdur. Deyərdim ki, “Neftçi” ilə görüşdə çox yaxşı oynadıq. Biz bu baxımdan liderdən üstün, qələbəyə layiq idik. Ancaq verilməyən penaltilər oldu. Özü də birinci penalti hesab 0:0 olanda idi. Hər halda, oyunumuz gələcəyə ümid verir. Mütləq nəticə qazanmalıyıq. Bunun üçün növbəti turda “İnter”ə qalib gəlməliyik”.