“Ağ-qaralar”ın “qara siyahı”sı
01.12.2010 - 13:40
“Ağ-qaralar”ın “qara siyahı”sı
“Neftçi” Fərid Quliyevi transferə çıxarmaqla, “qış bazarlığı”na start verdi. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçudan imtina olunması “transfer pəncərəsi”nin başlaması ərəfəsində heyətdə aparılacaq islahatlardan xəbər verir. Yəni, “ağ-qaralar” komanda ilə ayaqlaşa bilməyənləri özünə yük etmək fikrində deyil. Maraqlıdır, görəsən, növbədə kim(lər)dir?

İlk növbədə komandanın keçirdiyi görüşlərin yarısından azında oynayanlar göz önünə gəlir. Yəni, 15 matç keçirən “Neftçi”nin heyətində 8 və daha az matçın iştirakçısı olanlara nəzər salmaq lazımdır. Belələrinin sayı isə 13 nəfərdir. Lakin bu, o demək deyil ki, həmin futbolçulardan imtina ediləcək.

Çünki onlar arasında zədəlilər də var. Komandanın kapitanı Rail Məlikov, həmçinin əməliyyatdan qayıdan Eşqin Quliyevin həmin “13-lük”də olması, məhz zədə problemi ilə bağlıdır. Komandanın əsas qapıçısı Pasulius Qribauskasın əvəzləyicisi və onun yoxluğunda şans qazanan Rauf Mehdiyev, həmçinin digər əlcək sahibi Elçin Sadıqovun da Quliyevin yolu ilə getməyəcəyini söyləmək olar.

Güclü heyətdəki rəqabətə uduzan digər 9 futbolçudan ikisi – yığmanın üzvləri Araz Abdullayevlə Amit Quluzadədən də imtina olunası deyil. Hər halda, Abdullayevin İngiltərənin “Everton” klubuna keçidi deyilir. Quluzadə isə yaşına görə özünü heç də pis göstərmir. Komandanın yetirməsi, bir müddət əvvəl Rusiyanın “Rubin” klubunun maraq dairəsinə düşən gənc Tərlan Quliyevin, həmçinin Orxan Həsənovun da qalacağı daha inandırıcı görünür. Lakin bu cütlüyün oyun praktikası qazanması üçün icarəyə verilməsi də istisna deyil.

Bir sözlə, az oynayan 13 nəfərlik siyahıdan yalnız beşinin başı üzərində “qara buludlar” var. Bunlar Elmar Baxşıyev, Ruslan Əmircanov, Tural Nərimanov, Vladimir Burduli və Ruslan Qurbanovdur. Komandanın vitse-kapitanı Elmar artıq heyətdəki yerini itirib. Ehtiyatda qalan futbolçu bu səbəbdən elə yığmadan da uzaq düşüb. Baxşıyev özü oynaya biləcəyi komandaya keçməkdə maraqlı olmalıdır.

Eyni sözlər arabir Berti Foqtsun diqqətini cəlb edən Əmircanova da aiddir. Perspektivli oyunçulardan sayılan Tural isə oynamaq üçün komandasını dəyişməlidir.

Legionerlər Qurbanovla Burdulinin yalnız əvəzedici heyətdə oynaması da diqqət çəkir. İkinci komanda üçün əcnəbi oyunçu saxlamağın mənasız olduğu gün kimi aydındır. Lakin Ruslanın milliləşərək U-21-ə cəlb olunması onun “Neftçi”də qalmasına yeganə səbəb ola bilər. Əks halda, Ruslan da Burduli və 3 yerli futbolçu kimi gələcəyi haqda düşünməli olacaq.

Neftçinin oyunlarının yarısından azında meydana çıxanlar

Futbolçu

Oyun

Dəqiqə

Qol

 Sarı vərəqə

Elmar Baxşıyev

8

552

0

2

Araz Abdullayev

7

307

1

0

Rail Məlikov

7

630

0

1

Amit Quluzadə

6

209

0

1

Rauf Mehdiyev

6

482

-3

0

Ruslan Əmircanov

3

270

0

0

Vladimir Burduli

1

15

0

0

Tərlan Quliyev

1

90

0

0

Elçin Sadıqov

0

0

0

0

Eşqin Quliyev

0

0

0

0

Ruslan Qurbanov

0

0

0

0

Tural Nərimanov

0

0

0

0

Orxan Həsənov

0

0

0

0