Elmar Baxşıyev: Getmək barədə yox, heyətdə yerimi qaytarmağı düşünürəm
01.12.2010 - 14:35
Elmar Baxşıyev: Getmək barədə yox, heyətdə yerimi qaytarmağı düşünürəm
“Əsas heyətdə oynamaq istəyirəm. Baş məşqçidən şans gözləyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Elmar Baxşıyev deyib.

“Ağ-qaralar”da ardıcıl üçüncü mövsümünü keçirən 30 yaşlı yarımmüdafiəçi son vaxtlar ehtiyatda qalır. Cari mövsümdə 8 oyun keçirən Elmar komandanın vitse-kapitanıdır. Əsas kapitan Rail Məlikovun zədə üzündən kənarda qaldığı ilk vaxtlar sarğını daşıyan Baxşıyev ehtiyata düşməsini belə izah edib: “Ola bilsin ki, bu, taktiki gedişlə bağlıdır. Baş məşqçimiz Arif Əsədovla bununla bağlı söhbətimiz olub. Çalışdırıcımız rəqiblərə uyğun heyəti, taktikanı müəyyənləşdirir və buna əsasən ehtiyatda qalıram. Ancaq ruhdan düşmürəm. Biz futbolçuların işi oyunlara yaxşı hazırlaşmaqdır. Kimin meydana çıxmasını isə artıq baş məşqçi müəyyənləşdirir. Əsas nəticə, komandamızın qələbə qazanmasıdır. Əgər buna nail oluruqsa, “Neftçi” vahid liderdirsə, deməli düzgün yoldayıq”.

Komandanın uğurlu çıxışı nə qədər yaxşıdırsa, futbolçunun ehtiyatda qalması şəxsi karyera baxımından pisdir. Özü də Baxşıyevin təcrübəli futbolçu olduğunu nəzərə alsaq, oyun praktikası sarıdan korluq çəkməsi onu geri salır. Ancaq bunu müvəqqəti hesab edən dayaq yarımmüdafiəçisi klubunu dəyişmək haqda düşünmür və gələcəyə nikbin baxır: “İnşallah, əsas heyətdə yer alacağıma inanıram. Biz bir kollektivik. Burada kimin güclü, kimin zəif olduğunu demək düzgün çıxmaz. Biz komandanın üzvü kimi bir iş görürük. Bu gün kim heyətdə yer alırsa, digərinin zəif olduğunu demək olmaz. Sadəcə, hər oyunun öz taktikası var. İnanıram ki, yenidən əsas heyətdə mənə etibar edəcəklər. “Neftçi”dən getmək haqda fikirləşmirəm. Əksinə, əsas heyətdə yerimi qaytarmağı düşünürəm və bunun üçün çalışacağam”.

Mehman SÜLEYMANOV