Sadıq Sadıqov: İki futbolçumuzu “Rubin”ə vermək istəyirik
01.12.2010 - 16:19
Sadıq Sadıqov: İki futbolçumuzu “Rubin”ə vermək istəyirik
“Neftçi” rəhbərliyi Kazanın “Rubin” klubunun nümayəndələrini ölkəmizə dəvət edib. Bu haqda apasport.az saytına paytaxt komandasının prezidenti Sadıq Sadıqov məlumat verib. O bildirib ki, ikiqat Rusiya çempionunun rəsmilərinin Bakıya səfəri bu aya nəzərdə tutulub.

“Ağ-qaralar”ın bu yay “Rubin”dən icarəyə götürdüyü özbəkistanlı hücumçu Bahodir Nasimov vurduğu 14 qolla cari Unibank Premyer Liqasının bombardiridir. Bakılılar danışıqlar zamanı Nasimovun transferi məsələsinə birdəfəlik son qoyub, onunla uzun müddət müqavilə bağlamaq fikrindədir. Ancaq Sadıqovun sözlərinə görə, görüşdə öz futbolçularımızla da bağlı müzakirə olacaq: “Əslində, “Rubin”in rəsmilərinin gəlişi ötən ay nəzərdə tutulmuşdu. Ancaq iş qrafikinin sıxlığı ilə bağlı problem yarandığından, səfər reallaşmadı. Bildiyiniz kimi, “Rubin” Çempionlar Liqasının qrup mərhələsində iştirak edir. Onların iki nümayəndəsi dekabrın 15-dək Bakıya gəlməlidir. Bunlardan biri Bahodirin meneceri, digəri klubun rəsmisi olacaq. Biz öz futbolçularımızı “Rubin”ə təklif etmişik. Bunlar müdafiəçi Tərlan Quliyevlə yarımmüdafiəçi Amit Quluzadədir. “Rubin”də onlar haqda məlumat var”.

Sadıqov vurğulayıb ki, futbolçularımızın taleyi görüşdən sonra bəlli olacaq: “Kimi bəyənsələr, onun icarəyə götürülməsi, yaxud birdəfəlik transfer olunması müzakirə olunacaq”.

Mehman SÜLEYMANOV