“FİFA-nın dünya çempionatının Azərbaycanda keçirilməsi qərarını yalnız alqışlamaq lazımdır”
02.12.2010 - 15:24
“FİFA-nın dünya çempionatının Azərbaycanda keçirilməsi qərarını yalnız alqışlamaq lazımdır”
Bu gün dünya futbol ictimaiyyətinin diqqəti İsveçrəyə Sürix şəhərinə yönələcək. Apasport.az saytının xəbərinə görə, Sürix şəhərində 2018 və 2022-ci ildə təşkil olunacaq dünya çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşəcək. 2018-ci ilin dünya çempionatı üçün namizədliyini irəli sürən ölkələr İspaniya – Portuqaliya, Hollandiya – Belçika cütlüyü, Rusiya və İngiltərədir. DÇ-2022-nin təşkilatçılığına iddialılar isə ABŞ, Qətər, Avstraliya, Koreya və Yaponiyadır. FİFA İcraiyyə Komitəsinin üzvləri seçimini bu ölkələr arasında edəcək.

Azərbaycan da nüfuzlu futbol turnirlərinin təşkilatçısı kimi, ilk addımlarını atmaqdadır. AFFA-nın müraciətinə uyğun olaraq, FİFA İcraiyyə Komitəsi 17 yaşadək qızlardan ibarət yığmalar arasında 2012-ci ildə təşkil olunacaq dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edib. Qeyd olunanlarla bağlı futbol veteranı, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin fikirləri maraqlıdır: “Belə qərarların qəbulu üçün tələb olunan bir sıra vacib amillərə toxunmaq istərdik. Öz namizədliyini irəli sürən ölkədə siyasi və iqtisadi vəziyyət xüsusi əhəmiyyət kəsb edir. Bu mənada ölkəmizdə mövcud vəziyyət lazımi səviyyədədir. Ölkəmizdə saysız-hesabsız beynəlxalq tədbirlərin keçirilməsi, onlarla beynəlxalq idman yarışlarına ev sahibliyi etməyimiz, təşkilati işlərin yüksək səviyyədə həlli də diqqətçəkən məsələlərdəndir”.

Xudiyev bildirib ki, AFFA və klublar tərəfindən yeni stadionların tikilməsi istiqamətində keçirilən məqsədyönlü tədbirlərin beynəlxalq futbol qurumları tərəfindən yüksək qiymətləndirilməsi, AFFA-nın təşkilatçılığı ilə son bir ayda 3 UEFA seminarının Bakıda keçirilməsi, bu tədbirlərdə Avropa ölkələri ilə yanaşı, Asiya Futbol Konfederasiyasına üzv olan federasiyaların nümayəndələrinin də iştirak etməsi və təşkilati işlərlə bağlı beynəlxalq futbol qurumlarının razılıq bildirməsi daha böyük tədbirlərə ev sahibliyi etməyimizə geniş zəmin yaradıb: “AFFA-nın son illər bu istiqamətdə həyata keçirdiyi işlərə nəzər salanda, FİFA-nın 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə təşkil olunacaq dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı qərarını yalnız və yalnız alqışlamaq lazımdır. Futbolda inkişaf piramida şəklində olduğu kimi, beynəlxalq yarışların keçirilməsi üçün ölkələrin seçilməsində də bu varianta xüsusi önəm verilir. Bu mənada 2 ildən sonra Azərbaycanda təşkil olunacaq beynəlxalq turnirin daha böyük yarışlar üçün tramplin olacağını əminliklə bildirmək istərdik”.