Arif Əsədov: Rəqibin adı dəyişsə də, oyununda dəyişiklik yoxdur
03.12.2010 - 13:30
Arif Əsədov: Rəqibin adı dəyişsə də, oyununda dəyişiklik yoxdur
“AZAL-ın cari mövsümdə çıxışı məni təəccübləndirmir. Çünki baş məşqçi Nazim Süleymanov komandasını hələ ötən mövsümün ikinci dövrəsindən yaxşı formalaşdırır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Premyer Liqanın növbəti turunda sabah AZAL klubunun qonağı olacaq “ağ-qaralar” liderliyini qorumaq iddiasındadır. Bu dəfə “Şəfa” stadionunun süni örtüklü meydançasında oynayacaq “Neftçi” təbii otdan sonra belə qazona uyğunlaşmalıdır: “Artıq iki gündür məşqlərimizi “Şəfa”da keçiririk. Bu gün da orada hazırlaşacağıq. Düzdür, süni qazonda oynamaq çətindir və futbolçuların əzələlərinin güclü olması lazımdır. Rəqibin adı dəyişsə də, oyununda ciddi dəyişiklik yoxdur. Hələ “Olimpik” adlandığı dövrdən inamlı təsir bağışlayır. Düzdür, əvvəllər praqmatik futbol oynadığı deyilsə də, bu mövsümdən hücuma xüsusi diqqət yetirirlər, kifayət qədər qol vurublar. AZAL-ın əks hücumları təhlükəlidir və buna xüsusi diqqət yetirməyimiz lazımdır”.

Rəqibin yaxşı futbolçulara malik olduğunu deyən Əsədov son 2 oyunda 4 qol vuran mərakeşli yarımmüdafiəçi Zohair Benouahini qeyd edib. O, bu legioneri zərərsizləşdirməyi vacibliyini bildirib: “Zohair öz oyunu ilə seçilir. Yaxşı texnikaya, driblinqə malikdir. AZAL-ın oyunu daha çox onun üzərinə qurulur. Biz rəqibin oyununu təhlil edib, buna uyğun taktikamızı quracağıq. Hər bir komanda ilə olduğu kimi, bizi yenə çətin oyun gözləyir. Məqsədimiz yenə qələbə qazanıb, liderliyimizi möhkəmlətməkdir”.

Mehman SÜLEYMANOV