“Fərid Quliyevin etiraz etməsi normal haldır”
03.12.2010 - 16:19
“Fərid Quliyevin etiraz etməsi normal haldır”
“Fərid Quliyevi qış fasiləsinə bir ay qalmış transferə çıxarmağımız səbəbsiz deyil. Elə şeylər var ki, baş məşqçi bunu daha yaxşı görür və vaxtında qərar verilməlidir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Ötən mövsüm vurduğu 16 qolla Premyer Liqanın bombardiri olan yığmamızın hücumçusu Fərid Quliyevi yayda transfer edən gənc çalışdırıcı dekabrın ilk günündə ondan imtina etdi. Hərçənd, qış fasiləsi hələ bu ayın sonundadır və Fərid qalan 4 turda komandada olub, bundan sonra kənarlaşdırıla bilərdi. Əsədovun sözlərinə görə, əsas heyətə düşə bilməyən gənc hücumçu son vaxtlar məşqlərə ciddi yanaşmırdı: “Fərid həvəsdən düşmüşdü. Rəqabət aparmaq əvəzinə ehtiyatda qalması ilə barışmışdı. Quliyevin həvəssiz məşq etməsi digər futbolçularımıza mənfi təsir göstərirdi. Çünki bu, komandadır və futbolçuların hər biri kollektivin üzvüdür. Əslində, futbolçuların özləri əsas heyətə düşməyin məsuliyyətini dərk etməlidir. Misal üçün kapitanımız Rail Məlikov bu gün izlədiyim əvəzedici komandamızın heyətində meydana çıxdı. Bildiyiniz kimi, müdafiəçimiz zədə üzündən uzun müddət oynamır. Rail başa düşür ki, komandamızda rəqabət böyükdür və əsas heyətdə yerini qaytarmaq üçün çox çalışıb, formada olmalıdır. Rail buna hazır olmaq, oyun praktikası qazanmaq üçün əvəzedicilərimizin heyətində meydana çıxdı. Düzdür, Fərid əvəzedicilərimizdə oynamaqdan imtina etməyib. Sadəcə, futbolçu özünü göstərmək, əsas heyətdə layiq olduğunu göstərmək üçün məşqlərdə çox çalışmalıdır. Baş məşqçi buna əsasən hazırlığı yüksək olanlara heyətdə yer verir. Mən Fəriddə əsas heyətə düşmək üçün həmin alışıb-yanmağı görmədim”.

Son günlərin əsas müzakirə mövzularından biri də Əsədovun Quliyevə lazımınca şans verməməyi ilə bağlıdır. Ancaq baş məşqçi bunun belə olması ilə razılaşmır: “Bildiyiniz kimi, Fəridi 15 görüşdən 10-da oynayıb ki, bu da az deyil. Özü də mən Fəridi elə oyunlarda buraxmışam ki, qol vurmaq baxımından rəqiblər münasib idi, futbolçuya potensialını açmaq olurdu. Yəni biri var ki, baş məşqçi səni “Xəzər Lənkəran”da oyunda meydana buraxsın və onda qol vurmaq çətindir. Ancaq Quliyevi belə komandalarla görüşdə əsas heyətdə meydana buraxmamışdım. Fəridin iştirak etdiyi matçlarda daha çox qol imkanları yaradırdıq və hücumçulara da fərqlənmək üçün şans yaranırdı. Onun da hesabında 1 qol oldu. Qol vurmaq üçün vacib deyil ki, 90 dəqiqə oynayasan, meydanda az olaraq da bunu edə bilərsən. Digər hücumçularımızdan özbək Bahodir Nasimov 14 qolla çempionatımızın bombardiridir, belçikalı Emil Mpenza də səviyyəli futbolçudur”.

Fərid “Simurq” (4:0), “Turan” (2:2) və MOİK-lə (4:0) oyunlarda əsas heyətdə yer alıb. Ancaq Əsədov hücumçunu ilk dəfə start verdiyi III turda “Simurq”la görüşün artıq 37-ci dəqiqəsində əvəzləmişdi: “Fərid onda əvəzləndiyinə görə etirazını bildirmiş və cərimələnmişdi. Əslində, oyunçunun əvəzlənməyinə etiraz etməsinə futbolda çox şahid oluruq və bu, normal haldır. Məsələn, yaxında “Trabzonspor”un baş məşqçisi Şenol Günəşin futbolçusunu əvəzləyərkən, belə halla üzləşmişdi. Onu deyim ki, komandamızda ən çox fərdi söhbətləşdiyim futbolçu Fərid idi. Mən ona başa salırdım ki, əsas heyətdə düşmək üçün rəqabətə hazır olmaq lazımdır”.