Nazim Süleymanov Arif Əsədovun cavabını verdi
04.12.2010 - 19:35
Nazim Süleymanov Arif Əsədovun cavabını verdi
“İlk hissəyə yaxşı başlamadıq. Sol cinahda Araz Abdullayevin oyunu alınmadı, buna görə də onu sonradan əvəzləməli oldum”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

“Ağ-qaralar” ölkə çempionatının XVI turunda səfərdə AZAL-la görüşdən bir xalla ayrıldı (0:0). Oyunla bağlı fikirlərini bildirən Əsədov vurğulayıb ki, komandası qələbə də qazana bilərdi: “Təəssüf ki, qol şanslarından yararlanmadıq. Son zamanlar ictimaiyyətdə "Neftçi"yə hakimlər tərəfindən kömək olunduğu deyilir. Amma bu günkü oyun da göstərdi ki, "Neftçi" hər şeyi öz gücünə qazanır. Həm də ki, əksinə, bütün klublar bizə qarşı sanki son oyununa çıxırmış kimi oynayır”.

AZAL-ın baş məşqçisi Nazim Süleymanov isə həmkarı ilə razılaşmayıb: “Futbol mübarizə oyunudur. Bu gün qol görə bilməsək də, meydanda mübarizə var idi. Yaradılan qol imkanlarından istifadə edə bilmədik. Oyun boyu azarkeşlər, futbolçular aqressiv ola bilər, lakin yalnız meydanda. İkinci hissədə biz müdafiəyə çəkildik, bu taktiki gediş idi. Fikrimcə, bu gün 1 xal qazanmadıq, iki xal itirdik”.