“Saçım uzun olanda, məni daha yaxşı tanıyırdılar”
05.12.2010 - 00:02
“Saçım uzun olanda, məni daha yaxşı tanıyırdılar”
Azərbaycan yığmasının və “Qəbələ” klubunun futbolçusu Saşa Yunisoğlunun apasport.az saytına müsahibəsi

- Əyalətdə yaşamaq çətin deyil?
- Qəbələdə özümü yaxşı hiss edirəm. Hətta xoşbəxt olduğumu da deyə bilərəm. Futboldan başqa heç nə düşünmürəm. Məşq, məşqdən sonra istirahət, budur gündəlik rejimim. Peşəkar futbolçu üçün əla şərait yaradılıb.

- Adətən ölkəmizə gətirilən legionerlər daha çox paytaxtda yaşamağa üstünlük verirlər. Çünki Bakıda istirahət və əyləncə mərkəzləri çoxdur. Siz şəhərdə böyüdüyünüz üçün bu sualı verdik.
- Rayona getmək çətin olmadı. Çünki 5 il əvvəl İmişlinin “MKT Araz” klubunda çıxış etmişdim. Təcrübəm var idi. Rayonda məni nələrin gözlədiyini və ya gözləyə biləcəyini bilirdim, buna hazır idim.

- Bu gün “Qəbələ”də əcnəbilərin sayı yerli futbolçulardan çoxdur. Bu ünsiyyət qurmaqda, dil tapmaqda çətinlik yaratmır?
- Tək bizdə yox, əksər klublarımızda vəziyyət bu cürdür. Artıq legionerlərin sayı gündən-günə artır. Əslində, biz yerli futbolçuların sayının artmasını istəyirik. Bunun üçün çalışmalıyıq. Qaldı ki, ünsiyyət məsələsinə, bu heç bir problem yaratmır.

- İngiltərə futbolunun canlı əfsanələrindən hesab edilən Toni Adamsın Azərbaycanda çalışmasının konkret sizin üçün faydası varmı?
- Əlbəttə, onun əməyi, rolu danılmazdır. Bu gün Şasa əvvəlki formasını bərpa edib. Ondan çox şey öyrənirəm. Həm məşq prosesində, həm də məşqdən kənarda. Adams peşəkar, işini bilən mütəxəssisdir. Mənə güvənir, inanır. Təbii ki, bunun qarşılığını verməli, ümidlərini doğrultmalıyam.

- Həm Polşadan döndükdən sonra, həm də “Bakı”da son oyunlarda zəif çıxış etdiyinizə görə, xeyli tənqid olundunuz. Bu, sizi narahat edirdimi?
- Heç bir problem yoxdur. Kənardan baxan vəziyyəti daha yaxşı görə bilər. Həm də mən heç vaxt öz formamdan, oyunumdan razı qalmamışam. Deyirlərsə, yazırlarsa, deməli, elədir. Çalışıram ki, nəticə çıxarım.

- Bəs təriflənməyi necə, xoşlayırsınız?
- Kim istəməz ki, onu tərifləməsinlər. Tənqidlə yanaşı, yaxşı cəhətləri də yazmaq, qeyd etmək lazımdır. Təriflənəndə daha yaxşı oynamağa çalışırsan, özünəinam artır.

- Bir ara reklam çarxında çəkilmək üçün təklif almışdınız.
- Belə söz-söhbətlər yayıldı. Ancaq buna fikir vermirəm.

- Təklif var idi?
- Bəli, var idi. Birbaşa mənimlə deyil, yaxınlarımla danışıblar. Ancaq razılıq vermədiyimə görə, baş tutmadı. Mənim üçün birinci futboldur. Əvvəlcə öz oyunumla seçilim, sonra reklam çarxlarına çəkilərəm.

- Amma inkişaf etmiş futbol ölkələrində buna heç də pis baxmırlar. Misal üçün, Devid Bekhem həm futbol oynayır, həm də reklam çarxlarına çəkilir...
- Düzdür, bu cür misallar çoxdur. Ola bilsin, həm an kefim olmadığına görə, təklifi qəbul etmədim.

- Siz oyununuzdan daha çox görünüşünüzlə diqqətləri cəlb edirsiniz. Buna görə, qızlardan hansısa təklif almısınızmı?
- Yox, belə şey olmayıb. Qız dostlarım var, amma bizim münasibətimiz dostluq çərçivəsindən kənara çıxmır. Çünki nişanlım var. İnşallah, toyumuz olacaq. Mənim üçün həyatda bir qız var, o da nişanlımdır. Həm də telefon nömrəmi heç kim bilmir.

- Ancaq elə futbolçular var ki, qızlardan sevgi mesajı aldıqlarını deyirlər.
- Azərbaycanda belə şey görməmişəm.

- Legioner həyatınızın qısa alınmasına görə təəssüflənirsinizmi?
- 2 il Polşada çıxış etmişəm. Bürünc medal və Liqa kubokunu qazanmışam. Yenə də legioner həyatı yaşamaq istəyirəm. İmkanın olsa, mütləq gedəcəm.

- Təkliflər varmı?
- Hazırda “Qəbələ” ilə müqaviləm davam edir. Oradakı şərait məni qane edir. Ancaq təkliflər var. Bu işlə atam məşğul olur. Mövsümün sonunda qərar verəcəm.

- Futboldan başqa, hansı sahəyə marağınız var?
- İnanın, vaxtım olmur ki, hansısa sahə ilə maraqlanım. Klub, yığma, yenidən klub-hərəkət marşrutum belədir. Normal istirahət etməyi xoşlayıram. Nişanlımla şəhərdə gəzməyə belə vaxtım qalmır.

- Şəhərə çıxanda sizi tanıyırlarmı?
- Əlbəttə, tanıyanlar olur. Ölkəmizdə futbolu sevirlər. Millinin oyunlarını izləyirlər. Saçım uzun olanda məni daha yaxşı tanıyırdılar. İndi kəsdirmişəm. Yenə yaxınlaşıb, uduzanda səbəbini xəbər alırlar. Türkiyə üzərində qələbədən sonra təbrik edənlər daha çoxdur.

- Heç kobud şəkildə yaxınlaşan olubmu?
- Xeyr.

- Bəs saçınızı niyə kəsdirmisiniz?
- Yayda bir ara ruh düşkünlüyü oldu. Rusiyaya “Terek”ə baxışa yollanmışdım. Sonradan ailə problemləri ilə əlaqədar orada oynaya bilməyəcəyimi dedim. Yəni həqiqətən psixoloji gərginlik var idi. Hər şeyi atmaq istəyirdim. Mən də saçımı kəsdirdim. Ola bilsin, yenidən uzadım. Hər şey ola bilər.

- İçkilərlə aranız necədir?
- Heç vaxt spirtli içki qəbul etməmişəm. Kim istifadə edir, özü bilər.

- Hansı musiqi janrına qulaq asırsınız?
- Rus pop musiqisinə və caza daha çox qulaq asıram. Öz müğənnilərimizdən Röyanın mahnılarını bəyənirəm.

- Toyunuzu necə edəcəksiniz?
- Bu, Allahın işidir. Yayda etməyi düşünürük. Hər şey qismətdən asılıdır. Əsas odur ki, xoşbəxtlik olsun. Sevdiyim qızla evlənirəmsə, bundan artıq heç nə istəmirəm.

- Bir-birinizi çoxdan tanıyırdınız?
- 4 il olar.

- Bəs niyə gec evlənirsiniz?
- Bir ara Polşada oynadığıma görə, bu iş ləngidi.

- Nişanlınız sizi qısqanırmı?
- Bir az hə.