Vinfred Şafer: Adi epizodda səhv edib, qol buraxdıq
05.12.2010 - 21:00
Vinfred Şafer: Adi epizodda səhv edib, qol buraxdıq
“Bakı” klubunun baş məşqçisi Vinfred Şafer Premyer Liqanın XVI turunda “Simurq”la oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, alman çalışdırıcı sensasion məğlubiyyətə belə şərh verib: “İlk öncə "Simurq" komandasını qələbə münasibəti ilə təbrik edirəm. Bu gün yaxşı mübarizə apardılar, bəxtləri də gətirdi. Adi epizodda səhv etdik, cərimə zərbəsindən qapımızda qol gordük. Hesabı xeyirimizə dəyişmək üçün vaxtımız çox olsa da, nəticə əldə edə bilmədik. Uzun sürən zədədən sonra Dare Nibombenin meydana qayıdışını qeyd etməliyəm, yaxşı təsir bağışladı. Əsas problemimiz cərimə meydançası daxilində həlledici zərbə vura bilməməyimizdir. Çərşənbə günü kubokda "Muğan"a qarşı keçirəcəyimiz oyunda bir neçə dəyişikliyə etməliyik”.