Vinfred Şafer: Bu, ərəb şeyxləri üçün nüfuz məsələsidir
06.12.2010 - 11:09
Vinfred Şafer: Bu, ərəb şeyxləri üçün nüfuz məsələsidir
2022-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsinin təşkilatçılıq hüququnun Qətərə verilməsi müzakirələrə səbəb olub. Apasport.az saytının məlumatına görə, Asiyada keçiriləcək yarış haqda geniş yazılar dərc edən alman həmkarlarımız bu qərarın şərhini “Bakı” klubunun baş məşqçisi Vinfred Şaferin öhdəsinə buraxıblar.

Alman jurnalistlər Ərəbistan yarımadasında çalışmış 60 yaşlı mütəxəssisin Qətər haqda bilgilərindən faydalanmağı lazım biliblər: “Bu, ərəb şeyxləri üçün nüfuz məsələsidir. Mundial üçün isə ən böyük əngəl isti ola bilər. Orda 50 dərəcə isti olanda, küçədə də adam görmək çətindir. Avtomobillərdə və digər yerlərdəki kondisionerlər temperaturu 30 dərəcəyə kimi aşağı salsa da, bu da oyunçular üçün təhlükəli olur. Belə vaxtda lazımi qədər maye qəbul olunmasa, orqanizmdəki su qurtara bilər”.

Şafer ərəb xanımlarının mundial oyunlarını stadiondan izləməsinin mümkünsüzlüyünü də qeyd edib: “Qadınlar da stadionda olmalıdır. Lakin çətin ki, Qətərdə xanım fanata rast gələk. Hərçənd, bu ilin sonunda orada qadın futbol liqası yaradılmalıdır”.

Qeyd edək ki, Şafer 2005-2009-cu illərdə BƏƏ klubları “Əl-Əhli” və “Əl-Əyn”ə rəhbərlik edib.