54 həftəlik həsrətə son
06.12.2010 - 11:53
54 həftəlik həsrətə son
Azərbaycan yığmasının sabiq futbolçusu Samir Əliyev bu ilin yayında transfer olunduğu “Simurq” klubunda qol hesabını açıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə ilk qolunu vuran 31 yaşlı hücumçu sonuncu dəfə ötən çempionatda fərqlənmişdi.

Həmin vaxt “Neftçi”nin şərəfini qoruyan Əliyev komandasının “İnter”lə görüşündə qol sevinci yaşamışdı. O, 2009-cu il noyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada (2:1) rəqib qapısına yol tapmışdı. 378 gündür qol həsrəti yaşayan təcrübəli futbolçu “Simurq”un “Bakı” ilə matçında uğursuzluq seriyasına son qoyub.

Qeyd edək ki, “İnter”lə oyunda matçın sonuncu qolunu vurmaqla komandasına 3 xal qazandıran Samirin fərqlənməyi bu dəfə də qələbə gətirib – 1:0.