“Həmin uğurları “Neftçi”də davam etdirməyə çalışacağam” - FOTO
07.12.2010 - 00:01
“Həmin uğurları “Neftçi”də davam etdirməyə çalışacağam” - FOTO
“Alim Qurbanova görə çox sevinirəm. Mənim kimi “Xəzər Lənkəran”a ilk gələn futbolçulardandır. Alimin rekordu ilə bağlı xəbəri eşidəndə çox sevindim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Rəşad Abdullayev deyib.

2004-cü ilin yayında “Xəzər Lənkəran” yaranan vaxtdan bu komandanın sıralarına keçən yarımmüdafiəçi ötən yay “Neftçi”yə transfer olundu. Lənkəran təmsilçisində 155 oyun keçirən Rəşadın bu göstəricisi uzun müddət əlçatmaz qalırdı. Nəhayət, onun rekordunu uzun müddət birgə oynadığı Alim Qurbanov qırdı: “Düzdür, mən qalsaydım, oyun sayında daha irəliyə gedə bilərdim. Alim də yerli futbolçudur və çox sevindirici haldır ki, rekord edib, son vaxtlar göstərdiyi oyunla vacib qollar vurub. Onu bu münasibətlə təbrik edirəm”.

Rəşad il yarımda (40 oyuna 5 qol) indiki komandasında da şəxsi göstəricilərini yaxşılaşdırmaq fikrindədir: “Mən həmin uğurları “Neftçi”də davam etdirməyə çalışacağam. İstərdim ki, komandanı çempionluğa daşıyım. Həmin uğurlu seriyanı burda da davam etdirməyi arzulayıram. Bunları gələn gündən özüm üçün nəzərdə tutmuşam”.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın indiyə kimi qazandığı bütün mükafatların hamısında - çempionluq, gümüş medal, iki ölkə kuboku, “Birlik kuboku”nun qazanılmasında Abdullayevin rolu olub.

Mehman SÜLEYMANOV