“Turan” “Qarabağ”ı kubokdan kənarlaşdırdı
07.12.2010 - 15:44
“Turan” “Qarabağ”ı kubokdan kənarlaşdırdı
Bu gün NBC Bank Azərbaycan kubokunda ilk 1/4 finalçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Turan” səfərdə “Qarabağ”ı oyun sonrası penaltilər seriyası ilə yenib – 4:3.

Əlavə vaxtı da nəzərə alsaq, 120 dəqiqədə qapılara qol vurulmayıb. Bundan sonra komandalar qalibi müəyyənləşdirmək üçün hərəyə 5 penalti zərbəsi vurub. “Qarabağ”dan gürcü Georgi Adamiya, Rəşad Sadiqov, Elvin Məmmədov topu tora göndərib. “Turan”ın qapıçısı Kamal Bayramov isə Vüqar Nadirovla Rauf Əliyev zərbələrini qaytarmaqla, komandasını növbəti mərhələyə çıxarıb. Tovuzluların heyətində moldovalı futbolçusu Viktor Qontanın zərbəsi qapı tirindən dönəndən sonra türkiyəli Muammer Erdoğdu, Rəşad Piriyev, gürcü Georgi Çediya və Şəhriyar Xəlilov “Qarabağ”ın qapıçısı Fərhad Vəliyevlə dueldən qalib ayrılıblar.

Qeyd edək ki, “Turan” gələn ilin martında keçiriləcək 1/4 finalda “Rəvan” – AZAL oyununun qalibi ilə görüşəcək. Həmin mərhələdən qalib iki oyuna əsasən müəyyənləşəcək.


NBC Bank Azərbaycan kuboku
1/8 final mərhələsi

7 dekabr

"Qarabağ" - "Turan" - 0:0 penaltilərlə 3:4
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

8 dekabr

13:00. "Gəncə" - "Neftçi"
Gəncə. Şəhər stadionu

13:00. "Qəbələ" - "Neftçi" İSM
Qəbələ. Şəhər stadionu

13:00. "Simurq" - "Abşeron"
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu

13:00. "Şuşa" - "İnter"
Bakı. "Ədliyyə" stadionu

13:00. "Rəvan" - AZAL
Bakı. "Şəfa" stadionu, 4-cü meydança

14:00. "Bakı" - "Muğan"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

15:00. "Xəzər Lənkəran" – “MKT-Araz"
Lənkəran. Şəhər mərkəzi stadionu