AFFA Pro kateqoriyalı kursları keçirməyə hazırdır
09.12.2010 - 16:16
AFFA Pro kateqoriyalı kursları keçirməyə hazırdır
UEFA-nın Pro kateqoriyalı kurslarının Azərbaycanda keçiriləcəyi gözlənilir. Apasport.az saytının məlumatına görə, indiyədək ölkəmizdə dəfələrlə UEFA-nın C, B, A kateqoriyalı kursları təşkil olunsa da, ən yüksək dərəcə sayılan Pro kateqoriyası almaq istəyənlər Azərbaycandan kənara çıxmalı olurdular. Lakin artıq bu problem demək olar həll edilib.

Avropa futbol qurumunun Təhsil Komitəsi tərəfindən ölkəmizdə təşkil olunan kurslar yüksək qiymətləndirilib. Bu ayın əvvəlində UEFA-nın Təhsil Komitəsinin üzvü Daniel Rayser Bakıda səfərdə olub və AFFA tərəfindən təşkil olunan məşqçi kursları barədə məlumat əldə edərək, ölkəmizdə Pro kateqoriyalı kursların təşkili ilə bağlı hesabat hazırlayıb. Hesabatda AFFA-nın Pro kateqoriyalı kursları təşkil etməyə hazır olması ilə bağlı müsbət fikirlər yer alıb və 2011-ci ilin əvvəlində UEFA-nın Təhsil Komitəsinin Azərbaycanda Pro kateqoriyalı məşqçi kurslarının keçirilməsi barədə qərar verəcəyi gözlənilir.

Mənbə: affa.az