Təqaüdçü və “molodoy”
09.12.2010 - 16:32
Təqaüdçü və “molodoy”
NBC Bank Azərbaycan kubokunun 1/4 finalçıları olan baş məşqçilər arasında 29 yaş fərq var. Apasport.az saytının məlumatına görə, ən yaşlı mütəxəssis Revaz Dzodzuaşvili ilə gənc Mirbağır İsayev arasındakı fərq az qala 30 ilə çatır.

Hələ futbolçu karyerası dövründə 1972-ci ildə Anatoli Banişevski ilə birgə SSRİ yığmasının heyətində Avropa çempionatının gümüş medalçısı olan, bundan 22 il sonra ölkəsinin ən yaxşı məşqçisi seçilən Dzodzuaşvili cari mövsümdən “Turan”ı çalışdırır. Komandaya öncə məsləhətçi kimi dəvət edilən 65 yaşlı mütəxəssis “Bakı”ya 1:3 hesablı məğlubiyyətdən sonra baş məşqçi postunda Sakit Alıyevi əvəzlədi. Azərbaycan kubokunda debütü uğurlu olan Dzodzuaşvili turnirin ötən ilki qalibi “Qarabağ”ı səfərdə oyun sonrası penaltilərlə mübarizədən kənarlaşdırdı.

36 yaşlı İsayevin həmyaşıdlarından hələ futbol oynayanlar var. Karyerasını zədə üzündən erkən bitirən keçmiş yarımmüdafiəçi yığmamızla yanaşı, “Neftçi” və “Standard”da məşqçi işləyib. Cari mövsümdən “Abşeron”u çalışdıran İsayev məğlubiyyətsiz irəliləyir və kubokda aşağı dəstədən qalan yeganə təmsilçisidir.

I divizionun lideri olan bakılılar kubokda Premyer Liqa təmsilçilərini – MOİK və “Simurq”u sıradan çıxarıb. İsayev futbolçu kimi Azərbaycan kubokunu qazanıb. Onun “Neftçi”dəki həmkarı Arif Əsədov da 1/4 final iştirakçısıdır. 40 yaşlı keçmiş müdafiəçi ötən mövsüm də “Neftçi” ilə bu mərhələdə olmuşdu. Ancaq fərq ondadır ki, onda komandanı 1/4 finala Vaqif Sadıqov çıxarmış, onu istefasından sonra əvəzləyən Əsədov baş məşqçi kimi “İnter”lə görüşdə yenilmişdi.

Yerli mütəxəssislər arasında ən yaşlısı olan Nazim Süleymanov 3-cü dəfə 1/4 finala vəsiqə qazanır. Düzdür, ilk dəfə “Xəzər Lənkəran”la buna nail olandan sonra istefaya göndərildiyindən, komanda 1/4 finalda ukraynalı Viktor Pasulkonun rəhbərliyi altında oynadı. Ötən ilin payızında AZAL-ın sükanı arxasına keçən Süleymanov onda “Olimpik-Şüvəlan” adlanan komandanı yarımfinala kimi daşıdı. “Təyyarəçilər”in 45 yaşlı çalışdırıcısı həmin vaxt keçmiş komandası “Xəzər-Lənkəran”a yenildi.

Qeyd edək ki, bu yay ölkəmizə gələn alman Vinfred Şafer, rumın Mirça Rednik və ingilis Toni Adams Azərbaycan kubokunda ilk cəhddən mərhələ adladılar. 3-cü dəfə 1/4 finalda iştirak edən gürcü Kaxaber Sxadadze bunun ikisində “İnter”in, birində “Standard”ın sükanı arxasında olub.

1/4 final iştirakçılarının baş məşqçilərinin təvəllüdləri

“Turan” - Revaz Dzodzuaşvili (10 aprel 1945, Gürcüstan)
“Bakı” – Vinfred Şafer (10 yanvar 1950, Almaniya)
“Xəzər Lənkəran” – Mirça Rednik (9 aprel 1962, Rumıniya)
AZAL - Nazim Süleymanov (17 fevral 1965)
“İnter” - Kaxaber Sxadadze (7 sentyabr 1968, Gürcüstan)
“Qəbələ” – Toni Adams (10 oktyabr 1968, İngiltərə)
“Neftçi” – Arif Əsədov (18 avqust 1970)
“Abşeron” – Mirbağır İsayev (13 mart 1974)