Məhkəmə “Xəzər Lənkəran”dan qovulan futbolçunu axtarır
10.12.2010 - 12:17
Məhkəmə “Xəzər Lənkəran”dan qovulan futbolçunu axtarır
Portu şəhər məhkəməsi “Xəzər Lənkəran”ın sabiq futbolçusu Fatih Sonkayanı axtarır. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisindən qovulan türk əsilli Hollandiya vətəndaşı fırıldaqçılıqda ittiham olunur. Belə ki, Sonkaya Portuqaliyanın “Porto” klubunda oynadığı vaxtlarda vergidən yayınırmış.

Düzdür, məsələnin araşdırılması başlayandan sonra Fatih vergi orqanlarına ödəməli olduğu, lakin gizlətdiyi paraların hamısını lazımi hesablara köçürüb. Buna baxmayaraq, məsuliyyətdən yaxa qurtara bilməyib. Onu etdiyi cinayətə görə ən azı icbari cəzaya məhkum etməli olan məhkəmə isə Fatihin yolunu gözləyə-gözləyə qalıb.

Belə ki, artıq bir neçə dəfə baş tutmayan məhkəmənin iclası yenə təxirə salınıb. Buna telefonla mütəmadi əlaqə saxlanılan futbolçunun dekabrın 14-dəki məhkəməyə də gələ bilməməsi səbəb olub.

Qeyd edək ki, 2009-cu ilin yanvarında “Xəzər Lənkəran”a transfer olunan Sonkaya həmin ilin payızında klubdan qovulmuşdu.