Yığmamızın tarixinə düşdü, ilin ən yaxşı məşqçisi seçildi
13.12.2010 - 10:06
Yığmamızın tarixinə düşdü, ilin ən yaxşı məşqçisi seçildi
“Marsel” klubunun çalışdırıcı Didye Deşam ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Apasport.az saytının məlumatına görə, Fransanın məşhur “France Football” jurnalının keçirdiyi sorğuda birinci olan 46 yaşlı mütəxəssis həmkarlarından Jan Fernandeslə (“Oser”) Rene Jerarı (“Monpelye”) qabaqlayıb.

Futbolçu karyerası vaxtında 1992/93 mövsümündə “Marsel”in kapitanı kimi Çempionlar Liqasının qalibi olan Deşam ilin yekunlarına görə ikinci dəfə ən yaxşı sayılır. O, ilk dəfə buna 2003-cü ildə “Monako” klubunu çalışdırdığı zaman nail olub.

Deşam bu mükafatın onun üçün böyük şərəf olduğunu bildirib: “Ancaq futbolçuları da qeyd etmək lazımdır. Onlarsız heç olmazdı. Futbolçu vaxtımda mən əla məşqçilərin rəhbərliyi altında işləyirdim. Ancaq heç vaxt ilk məşqçimi – “Nant”dan Jan-Klod Syudonu unutmayacağam. Biz məşqçiliklə bağlı saatlarla onunla söhbətləşirdik”.

Qeyd edək ki, Deşam dünya və Avropa çempionluğu qazandığı yığmasının heyətində 1995-ci il sentyabrın 6-da Oserdə millimizi 10:0 hesabı ilə yendikləri rəsmi oyunda meydanda olub. Bu, yığmamızın 18 illik tarixində ən böyük hesablı məğlubiyyətdir.