“Neftçi” 494 gün dözdü
13.12.2010 - 10:38
“Neftçi” 494 gün dözdü
“Neftçi” Premyer Liqanın cari mövsümündə öz meydanında ilk məğlubiyyətini aldı. Apasport.az saytının hesablamalarına görə, “ağ-qaralar” ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda milli çempionatda 494 gündən uduzdu.

Komanda həmin vaxt 2009-cu ilin aprelin 26-da Ağdamın “Qarabağ” klubuna 0:1 hesabı ilə yenilmişdi. “Neftçi” növbəti ev məğlubiyyətini son turda dekabrın 11-də həmşəhərliləri “Bakı”dan aldı – 0:2.

Düzdür, “ağ-qaralar” ötən mövsümdə çempionatda evdə 3 məğlubiyyət almışdı. Ancaq fərq ondadır ki, “Neftçi” həmin vaxta rəqiblərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda da qəbul edirdi. “Muğan” (0:2), “Simurq” (0:1), “Qəbələ”yə (1:2) məğlubiyyətlər məhz həmin arenada alınıb.

“Neftçi”nin Respublika stadionunda ötən mövsüm yeganə məğlubiyyəti bu ilin martın 7-də ölkə kubokunun 1/4 final mərhələsində olub. Onda da həmşəhərlilərinə yenilən “ağ-qaralar” ilk oyunda “İnter”ə uduzub – 0:3. Bu, “Neftçi”nin kubokda evdə yeganə böyük hesablı məğlubiyyətidir.