“Onlar başdan-ayağa uydurma yazırlar”
13.12.2010 - 12:58
“Onlar başdan-ayağa uydurma yazırlar”
“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XVII turunun “Gəncə” ilə oyunundan əvvəl qonaqların narazılığı nə ilə bağlı idi?
- Rəqib saat 16:00-da məşq etməli idi. Lakin 18:00-da bizə dedilər ki, məşq etməyə stadion verin. Hər şeyin öz qaydası var. Heç bir məktubla müraciət etməmişdilər. Heç olmasa, telefonla zəng edərdilər.

- “Gəncə”nin gecikməsinin səbəbi nə idi?
- Əvvəlcədən zəng edib demişdilər ki, saat 16:00-da hazırlıq keçəcəyik. Amma 2 saat sonra gəldilər. Rəqibin gecikdiyini və ya qəsdən həmin vaxt gəldiyinin səbəbini bilmirəm.

- Bəs problem qaydasına necə qoyuldu?
- Stadionu onların ixtiyarına verdik. İşıqlandırma sistemini işə salıb məşq etmələrinə şərait yaratdıq.

- Qarşıda MOİK-lə oyun gəlir. İlk dövrədə “Xəzər Lənkəran” meydan sahibi olsa da, qarşılaşma “hərbçilər”in ev oyunlarını keçirdiyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda baş tutdu. İkinci oyun harada oynanılacaq?
- Bu məsələyə bu gün aydınlıq gəlməlidir.

- Həmin razılığa əsasən, görüş harada keçirilməlidir ki?
- Bu matç Lənkəranda keçirilməlidir.

- MOİK bununla razı deyil ki, məsələ bu gün həll olunacaq?
- Yox, heç bir problem yoxdur. Sadəcə, oyunların yerini Peşəkar Futbol Liqası müəyyənləşdirir. Biz də bu qarşılaşmanın baş tutacağı yerin rəsmiləşməsini gözləyirik.

- Qış toplanışı ilə bağlı dəqiq tarix müəyyənləşibmi?
- Yanvarın 10-dan 24-dək Antalyada hazırlıq keçəcəyik.

- Yoxlama oyunlarındakı rəqiblərə aydınlıq gəlib?
- Bu istiqamətdə danışıqlar gedir.

- Danışıqlar apardığınız klublar arasında hansı komandalar var?
- Əsasən I dəstə klublarıdır.

- Rusiyanın, yoxsa Türkiyənin?
- Bir çox ölkələrdən komandalar var ki, hazırda danışıqlar gedir. Konkret rəqiblərin adları toplanışdan təxminən 1 həftə əvvəl dəqiqləşər.

- Antalyada neçə yoxlama oyunu keçirəcəyinizi dəqiqləşdirmisiniz?
- 3-4 matç oynamağı planlaşdırırıq.

- Heyətlə bağlı hər hansı məsələyə aydınlıq gəlib? Kristian Kabraldan sonra transferə çıxarılacaq futbolçuların adları müəyyənləşməyib ki?
- Bütün bunlar “Qarabağ”la görüşdən sonra bilinəcək.

- Rumıniya mətbuatı “Xəzər Lənkəran”ı, baş məşqçiniz Mirça Redniki daim gündəmdə saxlayır. Bu ölkənin transfer bazarındakı fəaliyyətinizdə nə isə dəqiqləşib?
- Onlar başdan-ayağa uydurma yazırlar. Biz heç bir danışıqlara başlamamışıq. Rumıniyalılar hamısını özlərindən yazırlar. Hətta baş məşqçimizin adından müsahibə və açıqlamaları da özlərindən uydurular.