Berti Foqts İsveç yığmasında oynayan futbolçunu milli komandaya gətirir
15.12.2010 - 13:11
Berti Foqts İsveç yığmasında oynayan futbolçunu milli komandaya gətirir
“Bu təlim-məşq toplanışı futbolçuların nəyə qadir olduğunu bilmək, həmçinin ölkədən kənarda çıxış edənlərin səviyyəsinə bələd olmaq xarakteri daşıyır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Bu gün jurnalistlər önünə çıxan almaniyalı mütəxəssis dekabrın 13-də start götürən təlim-məşq toplanışı haqqında fikirlərini açıqlayıb: “Klublar və yığmada keçirilən məşqlər arasında fərq var. Biz beynəlxalq səviyyədə məşq keçirik. Futbolçular da bunu görür. Yenilər belə hazırlıq keçməyə indi-indi öyrəşməyə başlayıblar”.

Foqts bu toplanışın müəyyən mənada seçim xarakteri daşıdığını da mümkün sayır: “Gələn ay Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək toplanışa aparacağımız heyəti müəyyənləşdirmək baxımından bu hazırlıq faydalı oldu. Dubaya bəzi yeni oyunçuları aparacağıq”.

Almaniyalı çalışdırıcı xaricdə çıxış edən daha bir oyunçunu tapdığını bildirib: “İsveçdə 1 futbolçu var. Bakıda anadan olub. Onunla danışacağam, görüm yığmada oynamaq istəyir, ya yox. Əvvəllər İsveçin U-21-də çıxış edib”.

Foqts komandamızın gələcək iddialarını da açıqlayıb: “Əsas məqsədimiz güclü komanda yaratmaqdır. Bildiyiniz kimi, Avro-2016-da 24 komanda mübarizə aparacaq. Biz də həmin yarışın final mərhələsinə vəsiqə qazanmağa çalışacağıq”.

Yığmanın məşqçisi toplanışların klubların hazırlığına mane olmasından şikayətlənən həmkarları haqda da danışıb: “Mən Qurban Qurbanovla da görüşüb söhbət etdim. Nə o, nə də digər çalışdırıcılar yığmaya oyunçu verməkdən şikayətlənmirlər. Onların mənə dedikləri mətbuatda gedənlərlə üst-üstə düşmür”.

Foqtsun fikrincə, 2010-cu ilin ən yaxşı oyunçusu olmağa cəmi 1 namizəd var: “Əlbəttə ki, bu Rəşad Sadıqovdur. O, komandanın lideridir. O ki, qaldı Əfran İsmayılova, onu ilin bəxtsizi adlandırmaq olar. Gənc və istedadlı futbolçudur. İnanıram ki, o zədədən sonra əvvəlki formasını bərpa edib nəyə qadir olduğunu göstərəcək. Bir də Rauf Əliyevlə Ruslan Abışovu qeyd etmək olar”.