Apasport.az-ın kəşfi Berti Foqtsun diqqətini çəkdi
15.12.2010 - 14:06
Apasport.az-ın kəşfi Berti Foqtsun diqqətini çəkdi
Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun yığmaya cəlb etmək istədiyi isveçli futbolçunun kimliyi məlum olub. Həmin futbolçu apasport.az saytının tapıb, üzə çıxardığı Hamad Jiloandır.

Belə ki, ötən ayın 8-da saytımız yeni başa çatmış İsveç çempionatında həmyerlimizin qızıl medal qazanması haqda məlumat yaymışdı.

Skandinaviya ölkəsində qızıl medallar alacaq futbolçular arasında Azərbaycanda anadan olan futbolçu da olub. “Malmö”nün şərəfini qoruyan Jiloan 1990-cı ildə Bakıda doğulub. Noyabrın 6-da 20 yaşını qeyd edən sabiq bakılı elə futbolçu karyerasına da sonradan köçdüyü İsveçdə başlayıb.

2006-08-ci illərdə “Forvard” klubunda oynamış yarımmüdafiəçi 2008-ci ildən indiki komandasının şərəfini qoruyur. Hər iki cinahda oynamağı bacaran Jiloan İsveç yığmasının üzvüdür. O, bu ölkənin 21 yaşadək futbolçulardan ibarət yığmasında 11 matç oynayaraq, 1 qol vurub.