Xalidu Sissoko: Bir qədər məyus olmuşdum
15.12.2010 - 16:55
Xalidu Sissoko: Bir qədər məyus olmuşdum
“Uzun müddət idi oynamırdım. Buna görə, bir qədər məyus olmuşdum”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun qapıçısı Xalidu Sissoko deyib.

Bir müddət zədə üzündən kənarda qalan seneqallı qapıçının qayıdışı düşərli oldu. Belə ki, “Muğan”la oyun sonrası penaltilər seriyasında qaytardığı zərbə ilə komandasını ölkə kubokunun 1/4 final mərhələsinə çıxaran Sissoko Premyer Liqanın son turunda “Neftçi” üzərində qələbədə də pay sahibi oldu.

“Bakı”da yarandığı vaxtdan, 2004-cü ildən oynayan Xalidu kapitan sarğısını daşıyıb, komandanın lideri olub: “Liderlik mənim qanımdadır. Meydanda olduğum zaman oyunu öz üzərimə götürməyi xoşlayıram. Son iki oyunda əsas heyətdə meydana çıxmağım inam hissimi artırıb. “Neftçi” ilə oyuna bizim üçün yeni mərhələnin başlanğıcı kimi baxıram. Bu həftə daha bir iddialı klub olan “İnter”lə qarşılaşacağıq. “Neftçi” ilə matçda olduğu kimi oynasaq, mütləq qalib gələcəyik. İlkin mərhələdə əsas məqsədimiz “altılığ”a düşməkdir”.

Mənbə: fcbaku.com