AZAL Nikolovun cavabını verdi: 5:0 voleybol hesabına daha yaxındır
15.12.2010 - 20:03
AZAL Nikolovun cavabını verdi: 5:0 voleybol hesabına daha yaxındır
“Bu mövsüm gözəl oyunu və əldə etdiyi nəticələrlə futbol azarkeşlərinin rəğbətini qazanan komandamızın uğurlu çıxışı, deyəsən, bir çoxlarının xoşuna gəlmir”. Apasport.az saytının xəbərinə görə, bu iddia ilə AZAL futbol klubu çıxış edib.

Premyer Liqanın XVII turunun AZAL-la ev oyunundan sonra “İnter”in prezidenti Georgi Nikolovun fikirləri etiraza səbəb olub. Belə ki, Nikolov öz yazısında rəqib komandaya sataşmışdı: “AZAL bizə qarşı əla voleybol oynadı. Rəqib müdafiəçilər iki dəfə əlinin köməyi ilə, mükəmməl blokla qapıya doğru uçan topun qarşısını kəsdi...”.

AZAL isə rəsmi internet saytı vasitəsilə Nikolovun cavabını verib: “Nikolovun voleybol biliyini alqışlamağa dəyər. Yəqin ki, bu açıqlamalardan sonra ona ölkə voleybolunda hansısa yüksək vəzifə təklif oluna bilər. Amma, görəsən, Nikolov bilirmi ki, voleybolda 1:1 hesabı qeydə alına bilməz? Üstəlik, topa başla toxunuş da qadağandır? AZAL-ın isə oyundakı yeganə qolunu məhz cinah hücumundan sonra başla vurduğunu görüşü stadiondan və ekran qarşısından izləyən azarkeşlər də, futbol mütəxəssisləri də, jurnalistlər də, elə həmin “İnter”in futbolçuları da yaxşı gördülər. Əgər çox hörmətli Nikolov AZAL və “İnter” arasında keçirilən birinci dövrənin oyunundan sonra voleybol barədə danışsaydı, bəlkə də bunu başa düşmək olardı. Hər halda, 5:0 voleybol hesabına daha yaxındır”.

Daha sonra qeyd olunur ki, Nikolovun bu açıqlamaları son həftələrdə AZAL-a qarşı səslənən haqsız ittihamlardan biridir: “İnter” prezidentinin nəzərinə çatdırmaq onu da istəyirik ki, onun söhbət açdığı epizodlarda top iki dəfə, nə qədər qəribə səslənsə də, “İnter”li futbolçuların əlinə dəyib. Bunu matçın müxtəlif rakurslardan qeydə alınmış videoyazısı da aşkar sübuta yetirir. Təsadüfi deyil ki, oyundan sonra ölkə idman mətbuatında dərc olunan yazılarda AZAL futbolçularının qaydalardan kənara çıxması ilə bağlı bir cümləyə belə rast gəlinmir. Bizim üçün Georgi Nikolovun futbol biliyindən çox, bu işin peşəkarları olan jurnalistlərin dəqiq və qərəzsiz münasibəti maraqlıdır. Cənab Nikolova isə məsləhət görürük ki, oyun qaydaları ilə yaxından tanış olsun. Ümumiyyətlə, Nikolovun bu açıqlamaları son həftələrdə AZAL PFK-ya qarşı səslənən haqsız ittihamların sırasına daxil olan növbəti nümunədir. Güclünün daha çox mühakimə edildiyini biz də yaxşı anlayırıq, amma bir daha qəti şəkildə bəyan edirik ki, AZAL PFK olaraq komandamıza qarşı səslənən istənilən qeyri-obyektiv və kinayəli ittihamlarla razılaşa bilmərik. Bu səbəbdən “İnter”in prezidenti Georgi Nikolovun da yuxarıda səsləndirdiyi sözlərə biganə qalmamaqla, klubumuza tərəf yönələn istənilən mənfi fikirlərə cavab verməyi özümüzə borc bilirik”.