“Gözlərinizi mənə icarəyə verə bilərsiniz?”
18.12.2010 - 21:21
“Gözlərinizi mənə icarəyə verə bilərsiniz?”
Bu gün ölkə çempionatının XVIII turu çərçivəsində keçirilən “Bakı” – “İnter” matçını Azərbaycan millisinin baş məşqçisi Berti Foqts da izlədi. Apasport.az saytının xəbərinə görə, almaniyalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb

- Bu gün azarkeşlər əla bir matçın şahidi oldular. Hər iki komandanın oyunu məni məmnun etdi.

- Bu matçda yığma üçün yeni futbolçu kəşf edə bildinizmi?
- Meydandakı futbolçuların hamısını tanıyıram. Aleksandr Çertaqonov, Arif Daşdəmirov, Vladimir Levin, Əziz Quliyev, Cəmşid Məhərrəmov… Siz bilirsiniz ki, mən futbolçular haqda mətbuatda danışmağı xoşlamıram.

- Millinin son təlim-məşq toplanışından neçə nəfəri Dubaydakı hazırlıq prosesinə cəlb edəcəksiniz?
- 3-4 yeni futbolçunu özümüzlə aparacağıq.

- Onların adlarını bilmək olar?
- Qoy, bu sürpriz olsun. Yeni ildə hamı bir-birinə hədiyyə verir. Mən də onların adlarını o zaman açıqlayaram.

- Yığmanın cari ildə çıxışına 5 ballıq şkala üzrə hansı qiyməti verərdiniz?
- Mən Azərbaycanda işimi hələ bitirməmişəm. Nə zaman fəaliyyətim bitəcək, o zaman da millini dəyərləndirərəm.

- Budəfəki səfəriniz zamanı Vinfred Şafer və Qurban Qurbanovla görüşmüsünüz. Daha hansı məşqçilərlə görüşləriniz nəzərdə tutulub?
- Siz Şaferlə görüşüm haqda məndən çox bilirsiniz.

- Bu haqda özünüz keçirdiyiniz son mətbuat konfransında məlumat vermisiniz.
- Bəli, Şaferlə görüşmüşəm. O, mənim dostumdur. 10 il bir komandada oynamışıq. Onunla tez-tez görüşürük və hər dəfə Azərbaycanda futbolu barədə söhbət aparırıq. Bu gün Toni Adams və Qari Stivensonla da görüşdüm. Azərbaycan futbolunun inkişafı ilə bağlı söhbət etdik.

- Dostunuz Şaferin komandasının “İnter” məğlubiyyətini nə ilə əlaqələndirərdiniz?
- Futbolda məğlubiyyət də, heç-heçə də, qələbə də olur. Birinci hissədə “Bakı” çox gözəl oynadı. İkinci yarıda isə “İnter”. “Bakı” öz səhvləri ucbatından uduzdu.

- Matçın sonlarında “Bakı” “İnter”in futbolçusunun əllə oynadığı iddia edərək, rəqib qapısına penalti verilməsini tələb etdi. Sizcə, orada qayda pozuntusu var idi?
- Deyə bilmərəm. Bəs, sizcə, orada qayda pozuntusu olmuşdu?

- Bəlkə də.
- O zaman gözlərinizi mənə icarəyə verə bilərsiniz? (gülür)

- Turnir cədvəlinin liderləri olan “Xəzər Lənkəran” və “Neftçi”nin baş məşqçiləri ilə görüşəcəksiniz?
- Mən onlarla niyə görüşməliyəm?

- Siz millinin baş məşqçisiniz, o komandalardan futbolçu dəvət edirsiniz.
- Mən Bakıda olanda həmişə məşqçilərlə görüşürəm və bundan sonra da görüşəcəyəm. Mətbuata bu barədə məlumat verilir, ya yox, deyə bilmərəm, amma görüşürəm.

- Şafer millimizin aparıcı futbolçularından olan Vaqif Cavadovu oynatmır. Bunun səbəblərini bilirsiniz?
- Bu sualı Şaferə verin.

- Hər halda, yəqin Şafer bu haqda sizə məlumat verib.
- Mən bu haqda heç nə demək istəmirəm. Əgər Vaqifi mən oynatmasaydım, sualı cavablandırardım.

- Dubay toplanışında hansı rəqiblərlə görüşəcəyiniz müəyyənləşib?
- Məlumatım yoxdu. Ona görə də hələlik heç nə deyə bilmərəm. Bir də ən əsası oyunlar yox, toplanışın özüdür.